Yuxarı

Nəsimi rayonunda əmək yarmarkası keçiriləcək

Yarmarkada 47 müəssisə üzrə 500 boş (vakant) iş yeri təqdim olunacaq

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə sabah Bakının Nəsimi rayonunda gənclər üçün əmək yarmarkası keçiriləcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yarmarkada 47 müəssisə üzrə 500 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Həmin boş iş yerləri üzrə əmək haqqı 250-900 manat arasında dəyişir. Bundan əlavə, yarmarkada sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün kvota üzrə 107 boş iş yeri də təqdim ediləcək ki, onlardan 96-sı məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.

Yarmarka Nizami Kino Mərkəzində (Bülbül prospekti 20) təşkil olunacaq.

Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Eyni zamanda, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün səyyar Əmək Birjası təşkil olunacaq.

Qeyd edək ki, ƏƏSMN tərəfindən ötən il respublikanın 60 rayon və şəhərində keçirilən əmək yarmarkalarında 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib və onlardan 85 faizə yaxını, yəni 4838 nəfəri işlə təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi