Nazirlik: Yeni yaradılan ailə təsərrüfatlarının sayı 400-ə çatıb

Nazirlik: Yeni yaradılan ailə təsərrüfatlarının sayı 400-ə çatıb Həmin şəxslərin hər biri təlim kurslarında biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara yiyələniblər
Sosial müdafiə
18 Aprel , 2017 11:13
Nazirlik: Yeni yaradılan ailə təsərrüfatlarının sayı 400-ə çatıb
Report

Bakı. 18 aprel. REPORT.AZ/ Bu il fevral ayının ortalarından etibarən indiyədək özünüməşğulluq proqramı çərçivəsində 25 rayon üzrə ümumilikdə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxsin ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təminatı həyata keçirilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bunlar Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Bərdə, Qəbələ, Ağdam, İsmayıllı, Göyçay, Ağsu, Yevlax, Füzuli, Cəbrayıl, Saatlı, Biləsuvar, Şirvan, Lerik, Yardımlı və başqa rayonların sakinləridir.  

Məlumata görə, həmin şəxslərin hər biri ilk növbədə proqram çərçivəsində təşkil olunan təlim kurslarında biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara yiyələniblər. Bu da onların verilmiş aktivlərdən daha səmərəli istifadə edərək, biznes-planlarını uğurla reallaşdırmaları, təsərrüfatlarını düzgün quraraq bacarıqla idarə etmələri üçün əsas rolunu oynayıb: "Yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər ölkədə ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, dünya təcrübəsinə əsasən iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır".

Hazırda nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını qurmaları məqsədilə aktivlərlə təminatı işləri davam etdirilir: "Proqram müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmalarına imkan yaradacaq. Özünüməşğulluq proqramının icrası sahəsində uğurlu təcrübə gələcəkdə bu sahədə tədbirlərin geniş vüsətlə davam etdirilməsini şərtləndirəcək".

Son xəbərlər

Orphus sistemi