Yuxarı

Azərbaycanda nazirlik 2 yardım mərkəzinin akkreditasiyasından imtina edib

ƏƏSMN-də qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə Komissiyanın növbəti iclası olub

Bakı. 4 fevral. REPORT.AZ/ Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan Komissiya növbəti iclasını keçirib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətin təşkilini təmin etmək məqsədilə indiyədək Komissiya tərəfindən 7 qeyri-dövlət yardım mərkəzinin akkreditasiya olunduğunu qeyd edib. O, bildirib ki, bir sıra təşkilatlar tərəfindən də akkreditasiya üçün müraciətlər olunub: "Bugünkü iclasda da məqsəd müraciət edən 4 qeyri-dövlət yardım mərkəzinin akkreditə olunması məsələsinə baxılmasıdır. Akkreditasiya üçün müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması vacib şərtlər kimi diqqətdə saxlanır".

İclasda 4 qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlara uyğunluğu qiymətləndirilib. Aparılan müzakirələrdən sonra həmin təşkilatlardan 2-nin müvafiq sahədə təcrübəsizliyi, həmçinin sənədlərindəki çatışmazlıq səbəbindən onların akkreditasiyasından imtina edilib. Digər 2 qeyri-dövlət yardım mərkəzinin isə sosial xidmətlər göstərmək üçün maddi-texniki bazasına baxılması və sənədlərinin bir daha diqqətlə araşdırılması qərara alınıb.

Qeyd edək ki, Komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi