Bakı. 19 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-mart aylarında vətəndaşların aidiyyəti müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 733 876 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, qeyd olunan məbləğin 97 faizə qədərini gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.
Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Bununla yanaşı, yanvar-mart aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunaraq, onların yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.