Bakı. 29 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilən 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, ailə üzvlərinin sayına uyğun olara, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.
Mənzillərin təqdim olunması zamanı müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, onlara yönələn dövlət qayğısının daim artırıldığı qeyd olunub. Bildirilib ki, həmin insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə aparılan işlərin davamı kimi, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilən 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim edib. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib. Əlil və şəhid ailələrinə təqdim edilən bütün mənzillərdə normal yaşayış üçün hər bir şərait yaradılıb.
Hazırda Azərbaycanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.