Yuxarı

​Nazirlik: İşəgötürənlər vakansiyalar barədə məlumatları məşğulluq mərkəzlərinə təqdim etmirlər

ƏƏSMN-də aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyət müzakirə olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi, aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyət və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş iclas keçirilib. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkədə dinamik iqtisadi inkişaf şəraitində çoxsaylı yeni iş yerlərinin yaradıldığını vurğulayıb. Nazir müavini ölkədə məşğulluq imkanlarının artmasının dövlət məşğulluq strategiyasının icrası, məşğulluq orqanlarının səmərəli fəaliyyəti üçün də əlverişli şərait yaratdığını diqqətə çatdırıb. İclasda cari ilin 11 ayında məşğulluq xidməti orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticələri, gənclərin əmək bazarına inteqrasiyası, peşə hazırlığının təşkili sahəsində görülən işlər nəzərdən keçirilib. Bununla belə, iclasda bir sıra hallarda işəgötürənlər tərəfindən boş iş yerləri (vakansiyalar) barədə məlumatların, işə qəbul edilən və işdən çıxarılanlara dair statistik hesabat formalarının məşğulluq mərkəzlərinə təqdim edilmədiyi, yaxud bu hesabatların verilməsinin gecikdirildiyi qeyd olunub. Bu sahədə qanunvericiliyin tələblərinə əməl etməyən işəgötürənlərə qarşı müvafiq inzibati tədbirlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, məşğulluq mərkəzlərinə passiv sosial müdafiə tədbirlərindən daha çox aktiv xarakterli məşğulluq tədbirlərinə üstünlük vermələri, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təminatına, bununla əlaqədar kvota üzrə boş iş yerləri barədə məlumatların toplanmasına diqqətin artırılması, əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi və digər tapşırıqlar verilib. İclasda həmçinin məşğulluq xidməti orqanlarının fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması üzrə beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə nəzərdə tutulan əməkdaşlıq planları barədə məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi