Nazirlik: Əmək müqaviləsi bildirişi üzrə sistemdə 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb

Nazirlik: Əmək müqaviləsi bildirişi üzrə sistemdə 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb "Sistem dəyişikliklərin rəsmiləşdirilməsinə və şəffaflaşdırılmasına xidmət edir"
Sosial müdafiə
12 İyul , 2017 10:28
Nazirlik: Əmək müqaviləsi bildirişi üzrə sistemdə 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 279 438 müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə çoxdur.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, müraciətlərin 239 316-sı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə, 16 808-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə, qalanı isə “İş yerinə dair arayış” e-xidmətinə aid olub.

Bildirilib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron qeydiyyatının aparılması yolu ilə rəsmiləşdirilməsinə və şəffaflaşdırılmasına xidmət edir. Sistem həmçinin işçilərə onlarla əlaqədar sistemə daxil edilən bildirişlər barədə məlumat öyrənmələrinə, onlara lazım olan məlumatları elektron sənəd kimi formalaşdıra və ya kağız formasında çap edə bilmələrinə imkan verir. İşçilərin və işəgötürənlərin qanunvericilikdən irəli gələn hüquqlarının əsaslı təminat vasitəsi olan bu sistem eyni zamanda əmək münasibətlərinin əhatəli uçotunun aparılmasına, bu sahə ilə bağlı real vəziyyəti əks etdirən məlumat bazasının formalaşmasına şərait yaradıb: "Təsadüfi deyil ki, hazırda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada ən mütərəqqi təcrübə nümunələrindən biri kimi qəbul edilərək yüksək dəyərləndirilir. Ötən ay isə BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən bu sistem “Çempion layihə” mükafatına layiq görülüb".

“Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə tətbiqinə başlanıldığı 2014-cü ilin iyul ayından bəri 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi