Yuxarı

Nazirlik daha 25 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə müalicəyə göndərib

İlin ötən dövründə 105 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib

Bakı. 14 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 25 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən biri ilə bərabər Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin cari ildə də uğurla davam etdirildiyini bildirib: “Cari ilin ötən dövründə bu təbəqələrdən olan 105 nəfərin, o cümlədən 70 nəfər əlilliyi olan şəxsin və 35 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Hazırda göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdiriləcəklər. Orada peşəkar həkim-reabilitoloqlar tərəfindən həmin bölgənin təbii müalicəvi resurslarından istifadə edilməklə uşaqlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bununla yanaşı, orada olduqları müddətdə həmin uşaqları müşaiyət edən valideynlərin də ilk dəfə olaraq reabilitasiya tədbirlərinə cəlb olunması təmin ediləcək”.

S.Abdullayev bu ilin ilk yarımilində nazirlikdəki müvafiq Komissiyanın qərarları əsasında müraciətlərinə uyğun olaraq 40 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın ölkə daxilində və xaricdə müalicəsinə müvafiq köməklik göstərildiyini də bildirib: “Eyni zamanda, uşaqların sosial təminatı yönündə də məqsədyönlü işlər aparılır. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin uşaqları, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər təbəqələrdən olan uşaqlar sosial müavinət sistemi ilə əhatə olnunublar. Bu müavinətlərin də mütəmadi olaraq artırılması təmin edilir”.

Şöbə müdiri həmçinin nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 1 500-dən çox uşağın reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edildiklərini diqqətə çatdırıb. O, nazirliyin ayrı-ayrı bərpa mərkəzləri kimi, Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması işlərinin aparıldığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi