Nazirlik: Bu il əmək yarmarkalarında göndəriş verilən şəxslərdən 88 faizi işlə təmin edilib

Nazirlik: Bu il əmək yarmarkalarında göndəriş verilən şəxslərdən 88 faizi işlə təmin edilib Bakı. 27 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2017-ci ildə respublikanın 57 rayon və şəhərində əmək yarmarkaları təşkil edib.
Sosial müdafiə
27 Dekabr , 2017 20:13
Nazirlik: Bu il əmək yarmarkalarında göndəriş verilən şəxslərdən 88 faizi işlə təmin edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2017-ci ildə respublikanın 57 rayon və şəhərində əmək yarmarkaları təşkil edib.

Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirlərdə aidiyyəti rayon və şəhərlərdə fəaliyyət göstərən müəssisələr üzrə boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunub. Yarmarkalar zamanı 4 min nəfərə yaxın şəxsə seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə göndərişlər verilib. Onlardan 100 nəfərə qədəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər olub ki, həmin şəxslər işlə təmin olunmaq üçün kvota əsasında ayrılmış iş yerlərinə göndəriliblər. Əmək yarmarkalarında göndəriş verilən şəxslərdən bu günədək artıq 88 faizi göndərildikləri iş yerlərində işlə təmin ediliblər.

Qeyd olunan aktiv məşğulluq tədbirlərində həmçinin 114 nəfər vətəndaşa haqqı ödənilən ictimai işlərə göndəriş verilib. Peşə və ixtisası olmadığı üçün özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə və ixtisasına uyğun gələn iş tapa bilməyən, bu səbəbdən yeni peşəyə yiyələnmək istəyən 245 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Cari ildə Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən, ümumilikdə, 10 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də təşkil olunub. Bu tədbirlərdə tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə müvafiq ixtisaslar üzrə kadrların seçimini aparmaq imkanı yaradılıb, həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

Ümumilikdə, bu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti 46 048 nəfər şəxsi münasib işlərlə, 1143 nəfər şəxsi isə haqqı ödənilən ictimai işlərlə təmin edib. Xidmətin xətti ilə 3226 nəfər şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 285 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub.

Son xəbərlər

Orphus sistemi