Yuxarı

Nazirlik 15 498 imtiyazlı şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib

Əlillərə 1034 ədəd əlil arabası verilib

Bakı. 22 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanvar-iyul aylarında imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində həyata keçirdiyi tədbirlər 15,5 minədək insanı əhatə edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında nazirliyin əlillərin bərpa mərkəzlərində 4650 əlilliyi olan şəxsə bərpa-müalicə xidmətləri göstərilib.

Bu təbəqədən olan vətəndaşların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 8400 nəfərə yaxın şəxs müvafiq xidmətlərlə təmin olunub. Onlara ümumilikdə 20501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1034 ədəd əlil arabası verilib.

Bu dövrdə 70 əlilliyi olan şəxs, valideynlərindən biri ilə bərabər 58 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Əlilliyi olan insanların, habelə şəhid ailəsi üzvlərinin ayrı-ayrı sanator-kurort müəssisələrində müalicələrinin təşkili işlərinin davamı olaraq, belə şəxslərdən ibarət 2320 vətəndaşa sanator-kurort yollayışı verilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi