Yuxarı
    Bağlamaq

    Nazirlik: "Azərbaycanda ilkin əlillik təyin edilənlərin sayı 14 faizə yaxın azalıb"

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülən işlərin yekunları müzakirə olunub

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülən işlərin, bu sahədə müasir və şəffaf iş üsullarının qurulması üçün aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, iclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov bu ilin ötən dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının məqsədyönlü təşkilinə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib: “Görülən tədbirlərin müsbət nəticəsi kimi, bu ilin 9 ayında ilkin əlillik təyin olunan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3284 nəfər (13,9%), təkrar olaraq əlillik təyin edilən şəxslərin sayı isə 4 440 nəfər (3,1%) azalıb. Təkrar əlillik müayinələri zamanı 2 961 nəfərin hissəvi reabilitasiyası təmin olunub”.

    Xidmət rəisi hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayının da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26%, yəni 3 min nəfərə yaxın azaldığını qeyd edib.

    İ.Qurbanov hesabat dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin yaradılmasının diqqətdə saxlandığını, artıq cari ilin ortalarından Tibbi-Sosial Ekspert Komissiyaları ilə aidiyyəti idarə, müəssisə və təşkilatlar arasında əlillik müayinəsi barədə məlumatların elektron mübadiləsinin təmin olunduğunu qeyd edib: “Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində mükəmməl proqram təminatlarına malik Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılmasına, tibbi-sosial ekspertiza xidmətinin elektron əsaslarla avtomatlaşdırılmış infrastrukturunun qurulmasına yönəlib. Yeni elektron sistem respublikada əlillik təyinatı prosesinin avtomatlaşdırılması nəticəsində bu sahədə məmur-vətəndaş təmaslarının minimallaşmasına və şəffaflığın təminatına şərait yaracaq”.

    Tədbirdə görülən işlərin yekunları ətraflı müzakirə edilib. Qeyd olunan sahədə əldə edilən müsbət nəticələrlə yanaşı, yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, işlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi