ƏƏSMN 11 050 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edib

ƏƏSMN 11 050 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edib Sosial yardımların hər ailəyə düşən orta aylıq məbləği 151 manatdır
Sosial müdafiə
5 İyul , 2016 19:25
ƏƏSMN 11 050 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edib

Bakı. 5 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən 11 050 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nazirliyin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ünvanlı sosial yardımların təyinatı prosesində məmur müdaxiləsi mümkün olmadan, bu prosesin bütünlüklə elektron qaydada, tam şəffaf və obyektiv əsaslarla aparılmasına şərait yaradıb. Belə ki,cari ilin 15 fevral tarixindən tətbiqinə başlanılan bu sistem tərəfindən ötən dövrdə 43 779 nəfər ailə üzvünü əhatə edən 11 050 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyinatı aparılıb.

Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s. internet bağlantısı olan avadanlıqlar vasitəsilə “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edirlər. Müraciət qeydiyyata alındıqdan sonra ailələri təmsil edən şəxsin, yəni təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrindən birinə VEMTAS bu barədə məlumat göndərir. Həmin tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün hesab edilir. Təmsilçi müraciət edərkən “Ərizə-bəyannamə”də ailə üzvləri, gəlirləri və əmlakı barədə daxil etdiyi məlumatlar avtomatlaşdırılmış qaydada 20-dən çox dövlət orqanının və təşkilatın informasiya ehtiyatlarına inteqrasiya şəraitində rəsmi məlumatlar əsasında yoxlanılır.

Ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətlərə baxılmasının nəticəsi barədə də vətəndaşlara elektron şəkildə məlumat verilir. VEMTAS tərəfindən ünvanlı sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə vətəndaşa “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Həmçinin yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı halda əks əlaqə vasitələrinin birinə məlumat göndərilərək, imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır.

Bununla yanaşı, ünvanlı sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemindən sadəcə telefon vasitəsilə, yəni nazirliyin 142-“Çağrı mərkəzi”nə zəng etməklə də öyrənmək mümkündür. Belə ki, ünvanlı sosial yardım üçün müraciət etmiş şəxs 142-“Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini, bundan sonra 2 düyməsini yığaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir. Bundan sonra həmin şəxsə sosial yardım üçün etdiyi müraciətinə baxılmasının nəticəsi barədə məlumat verilir.

Ümumilikdə hazırda respublika üzrə 532 373 nəfər ailə üzvünü əhatə edən 124 320 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Sosial yardımların hər ailəyə düşən orta aylıq məbləği 151 manat təşkil edir. 

Son xəbərlər

Orphus sistemi