Yuxarı
    Bağlamaq

    Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib

    Yığıncaqda Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması qərara alınıb

    Bakı. 21 iyun. REPORT.AZ/ Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib.

    "Report" xəbər verir ki, iclasda “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı” layihəsi, Komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə təşkilati məsələlər, Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupunun yaradılması, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması və Komissiya tərəfindən formalaşdırılacaq nümayəndə heyətinin beynəlxalq təcrübəni öyrənməsi məsələləri müzakirə edilib.

    Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb.

    Əli Əhmədov qeyd edib ki, bir aydan çox müddətdə əmək münasibətləri tənzimlənməyən 1965 nəfər insan aşkar edilib. Həmən şəxslərin əmək fəaliyyəti rəsmiləşdirilib. Aşkar edilən şəxslərin əksəriyyəti ticarət sahəsində fəaliyyət göstərənlərdir. Belə ki, 1965 nəfərdən 732 nəfəri ticarət, 342 nəfəri digər xidmət sahələrində, 316 nəfəri istehsal, 292 nəfəri iaşə, 86 nəfəri sənaye və tikinti materiallarının pərakəndə satışı, 75 nəfəri topdansatış ticarət sferasında, 57 nəfəri tikinti, 45 nəfəri rabitə və nəqliyyat, 20 nəfəri isə təhsil, səhiyyə və maliyyə sahələrində əmək fəaliyyəti tənzimlənmədən çalışıb.

    Baş nazirin müavini qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı əsas iqtisadi fəaliyyət bölgələr üzrə Bakının payına düşür. Aşkarlanan 1965 nəfərdən 1263 nəfəri Bakıda fəaliyyət göstərib. Yerdə qalan 702 nəfər isə bölgələrdə çalışanlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq.

    Gündəlikdəki məsələlərin müzakirəsi zamanı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı” layihəsi təsdiqlənib, Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb, Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması qərara alınıb və beynəlxalq təcrübənin öyrənilməsinə razılıq verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi