Nazir: "Aparılan analizlər nəticəsində qəribə mənzərə ilə qarşılaşdıq"

Nazir: "Aparılan analizlər nəticəsində qəribə mənzərə ilə qarşılaşdıq" “Əməyin mühafizəsi ilə bağlı tələblər işğaldan azad edilən ərazilərimizdə xüsusi olaraq qorunmalıdır"
Sosial müdafiə
28 Aprel , 2021 10:53
Nazir: Aparılan analizlər nəticəsində qəribə mənzərə ilə qarşılaşdıq

“Əməyin mühafizəsi ilə bağlı tələblər işğaldan azad edilən ərazilərimizdə xüsusi olaraq qorunmalıdır. Çünki həmin ərazilərdə insan və tank əleyhinə minalar mövcuddur. Bu səbəbdən orada əməyin həyata keçirilməsi xüsusi təhklükəsizlik qaydası ilə tənzimlənməlidir”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, Əmək Məcəlləsinə geniş dəyişiklik layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırma mərhələsini keçib: “Bu məcəllədə 11 maddə məhz əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir. Bir faktı qeyd edim ki, sığorta şirkətləri ilə birgə aparılan analizlər nəticəsində qəribə mənzərə ilə qarşılaşdıq. Misal olaraq, 2019-cu ildə əmək haqqı fondu 11 milyard manat olmağına baxmayaraq işçilərə cəmi 32-35 milyon manat sığorta ödənilirdi. Bu da o deməkdir ki, işçilərin cəmi 1\3 hissəsi sığortalanıb. Bu da özü ilə birgə çoxlu problem gətirirdi. Yəni bir işçinin başına nəsə gələndə qarşılığında heç bir dəstək ala bilmir”.

Nazirin sözlərinə görə, son ildə sığorta edilmə 30 %-in üzərindədir: “Növbəti bir-iki ildə bu rəqəmin 80 %-ə qədər artırılmasını nəzərdə tutmuşuq. İstəyimiz bədbəxt hadisələrdən bütün işçilərin icbari sığortasının təmin olunmasıdır. Yaxın gələcəkdə Əməyin Mühafizə Mərkəzinin yaradılması planlaşdırılır. Bütün sənədlər hazırdır. Qısa müddətdə hökumutin razılığı ilə həmin mərkəzin yaradılması mümkün olacaq”.

Son xəbərlər

Orphus sistemi