Nazir müavini: "Mənzil və işsizlik problemi maksimum dərəcə həll oluna bilər"

Nazir müavini: "Mənzil və işsizlik problemi maksimum dərəcə həll oluna bilər" Azərbaycanda gənclərin müxtəlif peşələrə yiyələnməsi ilə bağlı kursların keçirilməsi nəzərdə tutulur
Sosial müdafiə
28 Yanvar , 2015 13:57
Nazir müavini: Mənzil və işsizlik problemi maksimum dərəcə həll oluna bilər

Bakı. 28 yanvar. REPORT.AZ/ "Bu günə qədər təkliflər verilib ki, yaradıcı gənclər üçün güzəştli şəkildə müxtəlif emalatxanalardan, studiyalardan istifadə edilməsində onlara şərait yaradılsın. Çünki ilk addımlar atan yaradıcı gənclərin maddi imkanları olmur ki, o, hər hansı bir yeri icarəyə götürüb işini rahat şəkildə qura bilsin". "Report" xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev keçirdiyi brifinqdə səsləndirib.

Nazir müavininin sözlərinə görə, mövcud problemi aradan qaldırmaq üçün qanunvericiliyə uyğun şəkildə təkliflər hazırlanmalıdır: "Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə çalışmalıyıq.

Fikrimiz var ki, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə həvəskar gənclərin daha peşəkarcasına hazırlanması dövlət hesabına nəzərdə tutulsun. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqabətə dözümlü mütəxəssisə çevrilsinlər. İstəyimiz odur ki, gənc aktyorlarımız, rəssamlarımız, eləcə də yaradıcı gənclərimiz beynəlxalq arenaya çıxa bilsinlər. Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır".

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanda gənclərin müxtəlif peşələrə yiyələnməsi ilə bağlı kursların keçirilməsi nəzərdə tutulur: "Bununla bağlı distant və ya səyyar məlumat xidmətinin həyata keçirilməsi planlaşdırılır. Mobil qruplar regionlarda həm peşə təlimləri keçəcək, həm də məlumatlandırma işləri aparacaqlar. Pilot layihə bu ildən həyata keçiriləcək və nəticə uğurlu olsa, layihə gələcəkdə də davam etdiriləcək".

O, həmçinin azərbaycanlı gənclərin xaricdə təhsil almasını nəzərdə tutan Dövlət Proqramının icrasının gələcəkdə də davam etdiriləcəyini istisna etməyib: "Azərbaycandan xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artır. Məqsəd qoyulmayıb ki, 5 min tələbə getməlidirsə, onlar mütləq tapılıb göndərilməlidir. Məqsəd ən yaxşıları seçib göndərməkdir. Düşünürəm ki, bununla bağlı Dövlət Proqramının davam etməsinə gəlincə, onun davam etmə ehtimalı var".

Əsas hədəfin Prezident İlham Əliyevin təsdiq etdiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” çərçivəsində gənclərin mənzil və işsizlik problemini maksimum dərəcədə həll etmək olduğunu deyən nazir müavininin sözlərinə görə, heç kim söz verə bilməz ki, qarşıdakı 10 ildə bütün gənclər mənzillə təmin ediləcək. Əsas məqsəd Proqramın davamlılığını təmin etməkdir. Bu olduğu halda mənzil və işsizlik problemi də maksimum dərəcə həll oluna bilər".

Son xəbərlər

Orphus sistemi