Nazir müavini: "Azərbaycanda 390 min nəfərdən çox ahıl şəxs var"

Nazir müavini: "Azərbaycanda 390 min nəfərdən çox ahıl şəxs var" "Son on ildə orta aylıq əmək pensiyası 9,4 dəfə çoxalaraq, yoxsulluq həddini 1,7 dəfə üstələyib"
Sosial müdafiə
23 Aprel , 2015 11:14
Nazir müavini: Azərbaycanda  390 min nəfərdən çox ahıl şəxs var

Bakı. 23 aprel. REPORT.AZ/ "Azərbaycanda 70-ə çatmış şəxs ahıl hesab edilir, rəsmi statistikaya görə, respublikamızda belə şəxslərin sayı 390 min nəfərdən çoxdur". "Report"un xəbərinə görə, bunu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının "Ahılların sosial müdafiəsi" TAİEX proqramı çərçivəsində Azərbaycanda ahıllar üçün sosial xidmətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə keçirilən seminarda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini ahılların sosial hüquqlarının müdafiəsinin bütün ölkələrin hökumətləri üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb: "BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4%-ni təşkil edirsə, onda əhali “cavan”, əgər bu pay 4%-7% arasındadırsa, onda əhali “yaşlaşma ərəfəsində”, bu pay 7% və ondan yuxarıdırsa, onda əhali “yaşlı” hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15%-ni, inkişaf etmiş ölkələrdə isə 30%-ni təşkil edəcək".

İ.İsayev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda ahıllar əhalinin az bir hissəsini, cəmi 4 faizini təşkil edir: "Qeyd olunan kriteriyalar baxımından Azərbaycan əhalisi "cavan" əhali sayılır. Lakin dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşması prosesi müşahidə olunur. 1950-2010-cu illər ərzində 65 yaşından yuxarı əhali kontingentinin sayı dünya üzrə 5 faizdən 8 faizə qədər artıb. 2050-ci ilədək bu göstəricinin 12 faizə qədər artacağı proqnozlaşdırılır".

Nazir müavini qeyd edib ki, ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir: "Hazırda Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 175,1 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 195 manatdır. Son on ildə orta aylıq əmək pensiyası 9,4 dəfə çoxalaraq, yoxsulluq həddini 1,7 dəfə üstələyib".

Qeyd edək ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələrin ekspertləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi