Nazir müavini: “2050-ci ildə Cənubi Qafqaz əhalisinin 70 faizi azərbaycanlılardan ibarət olacaq” - MÜSAHİBƏ

Nazir müavini: “2050-ci ildə Cənubi Qafqaz əhalisinin 70 faizi azərbaycanlılardan ibarət olacaq” - MÜSAHİBƏ “Bu il 15 245 gəncin işlə təmin olunmasına kömək olunub”
Sosial müdafiə
31 Oktyabr , 2016 15:50
Nazir müavini: “2050-ci ildə Cənubi Qafqaz əhalisinin 70 faizi azərbaycanlılardan ibarət olacaq” - MÜSAHİBƏ

Bakı. 31 oktyabr. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin “Report” İnformasiya Agentliyinə müsahibəsi

- Mövcud əmək bazarını necə xarakterizə edərdiniz? İşsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təminatı sahəsində nazirliyin məşğulluq orqanları tərəfindən cari ildə hansı aktiv tədbirlər görülüb?

- Sosial rifah-layiqli əmək, yüksək gəlir, səmərəli məşğulluq, çevik sosial müdafiə və əlbəttə ki, xoşbəşt vətəndaş deməkdir. Xoşbəxt vətəndaş isə güclü Azərbaycan dövlətinin təməlidir. Son 13 il ərzində əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı isə 6,3 dəfə artaraq 489,3 manata çatıb. İşsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təminatı məqsədi ilə əksəriyyəti ölkənin regionlarında olmaqla 1 mln. 600 mindən artıq yeni iş yeri açılıb, işsizlik və yoxsulluq səviyyəsi isə 5 faizədək azalıb.

Əmək bazarına təsir edən əsas amillərdən biri mövcud demoqrafik vəziyyətdir. 2016-cı il sentyabr ayının 1-də əhalimiz 9 milyon 775 min nəfərə çatıb. Proqnoz hesablamalara əsasən, 2050-ci ildə əhalinin sayı 12 milyon nəfər olacaq. Yeri gəlmişkən, bu, Cənubi Qafqaz əhalisinin 70 faizindən çoxunu təşkil edəcək.

Hazırda ölkəmiz Avropa və MDB məkanında demoqrafik baxımdan cavan yaş strukturuna malik olan az sayda ölkələrdən biridir.

Belə ki, 2016-cı ilin əvvəlinə olan məlumatlara əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz təşkil edir. Əmək qabiliyyətli yaşda olan əhalinin sayında da əhəmiyyətli artım baş verib.

Əhalinin yaş strukturunu nəzərə alaraq, artan işçi qüvvəsinin sayına uyğun iş yerlərinin yaradılması hazırda əmək bazarında mövcud olan əsas çağırışlardan biridir. Digər tərəfdən, qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorlarının milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklərdən hesab olunur.

- Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramının icrası sahəsində hazırda hansı işlər aparılır? Bu proqramın gələcəkdə genişləndirilməsi nəzərdə tutulurmu?

- Prezident İlham Əliyevin məlum sərəncamın icrası məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat vəsait ayrılıb. Həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrindən ibarət Komissiya yaradılıb, Proqramın icra mexanizmini tənzimləyən “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili Tələbləri” təsdiq edilib.

Proqramda şəhər (rayon) məşğulluq mərkəzlərində 7 aprel 2016-cı il tarixinə kimi işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslər iştirak edirlər.

Bu proqramın icrası Nazirlik ilə BƏT arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Hazırkı mərhələdə proqramda təlimçi kimi iştirak edənlərin təlimi yekunlaşmaq üzrədir. Ölkə üzrə 142 belə təlimçinin hazırlanması nəzərdə tutulur ki, onlardan 122-si artıq hazırlanmışdır. Bununla yanaşı, Proqramda iştirak üçün müraciət etmiş vətəndaşlar müsahibə prosesini uğurla keçərək təlim prosesinə başlayıblar. 44 şəhər və rayon üzrə 61 qrupda 847 nəfər müraciətçi üçün təlimlərə başlanılıb.

“Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-in metodologiyasına uyğun təşkil edilir. Təlimlər biznes-planların hazırlanması, gələcəkdə biznesin uğurla həyata keçirilməsi, biznesin idarəedilməsi və inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq mühiti üçün şərait yaradan amillər haqqında geniş təsəvvür yaradır. Prosesin məntiqi nəticəsi olaraq, təlimi bitirən və öz biznes-planını uğurla müdafiə edən iştirakçı biznesini qurmaq üçün tələb olunan mal və materiallarla təmin olunacaq.

Bu tədbirlər, əlbəttə, birdəfəlik xarakter daşımır və davamlılığı təmin olunacaq.

- İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı, eləcə də peşəyönümü tədbirləri istiqamətində hansı işlər görülüb?

- Ölkəmizin bugünkü sosial-iqtisadi inkişaf mərhələsində əhalinin məşğulluğunun təmin edilməsi sahəsində əsas diqqət kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və əlavə təhsil sisteminin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, onun rəqabət gücünün artırılmasına yönəldilib.

Bu gün Azərbaycanda əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi, onun əmək bazarının, artan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, struktur işsizliyin aradan qaldırılması, məşğulluq strukturunun təkmilləşdirilməsi və bütövlükdə əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyinin artırılması sahəsində məsələlərin həlli beynəlxalq tələblərə cavab verən peşə və kvalifikasiya standartlarının, və onların əsasında təlim və tədris proqramlarının hazırlanması və tətbiqi vasitəsi ilə həyata keçirilir. Hazırda turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 350-dən artıq peşə standartı, eyni sayda qiymətləndirmə nümunəsi və 63 ixtisas standartları hazırlanıb. Artıq bu standartlar bir çox sahibkarlar tərəfindən istifadə edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əmək bazarına uyğun peşələr üzrə modul tipli tədris proqramları əsasında peşə hazırlığı kurslarının təşkil edir. Bakı şəhəri ilə yanaşı, Naxçıvan şəhərində və Göyçay rayonunda fəaliyyət göstərən Regional Peşə Tədris Mərkəzlərində işaxtaran və işsiz vətəndaşlar üçün həm ənənəvi, həm də modul tədris proqramları əsasında peşə hazırlığı kursları təşkil edilir. Dövlət Məşğulluq Xidməti tərəfindən 86 ənənəvi və 58 modul proqramı olmaqla cəmi 144 təlim proqramı əsasında tədris kursları həyata keçirilir. Bu mərkəzlər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili baxımından lazımi maddi-texniki bazaya malikdirlər. Tədris prosesində modul və multimedia texnologiyalarından, müasir tədris formalarından geniş istifadə edilir. Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2015-ci ildə 4147 nəfər, 2016-cı ilin 9 ayı ərzində isə 2801 nəfər müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, orta ümumtəhsil məktəblərində peşəyönümü məsləhətləri aparılır. 2016-cı ilin 9 ayı ərzində 75 284 nəfər şagird peşəyönümü tədbirlərinə cəlb olunub.

- Gənclərin məşğulluğuna yönəlik hansı aktiv məşğulluq tədbirləri həyata keçirilir?

- Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 9,6 faiz, 15-24 yaşda isə 13,4 faizdir. Gənclərin məşğulluq probleminin həlli Azərbaycan hökuməti qarşısında duran prioritet vəzifələrdən biridir. Gənclər arasında işsizlik səviyyəsinin azaldılması sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları, həmçinin müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək birgə tədbirlər həyata keçirir.

Bütövlükdə gənclərin əmək bazarında üzləşdiyi çətinliklər bir tərəfdən işəgötürənlərdə gənc mütəxəssis haqqında, onun ixtisas səviyyəsinin, bilik, bacarıq və səriştələrinin işəgötürənlərin tələblərinə cavab verməməsi ilə bağlı stereotiplərin mövcud olması, digər tərəfdən isə gənclərdə əmək bazarına adaptasiya yolları haqqında düzgün təsəvvürün olmaması, həmçinin istehsalla bağlı deyil, daha çox humanitar peşə və ixtisaslara üstünlük verməsi ilə bağlıdır. Bu da gənclərin peşə yönümü, xüsusilə də məlumatlandırma sisteminin təkmilləşdirilməsini zəruri edir.

Gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsulların tətbiqi yolu ilə bilik və bacarıqların artırılması, zəruri səriştələrin aşılanması, peşəyönümü sisteminin təkmilləşdirilməsi, bu işlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.

2016-cı ilin 9 ayı ərzində Dövlət Məşğulluq Xidmətinə 51 593 gənc müraciət edib, onlardan 15 245 nəfərinin və yaxud 29,5 faizinin işlə təmin olunmasına köməklik göstərilib, 1150 gənc peşə hazırlığı kurslarına, 253 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Respublikamızın bütün şəhər və rayonlarında keçirilən “Əmək yarmarkaları”nda məşğulluq tədbirlərində minlərlə işaxtaran vətəndaş münasib işlə təmin edilib ki, onların da əksəriyyəti gənclər olub.

- Əmək bazarında gənc işçi qüvvəsinə olan tələblər barədə nə deyərdiniz? Hansı peşə və ixtisaslar üzrə gənc mütəxəssislərə daha çox ehtiyac var?

- İqtisadiyyatımızın yeni strateji sektorları əməyin yeni formalarının və onların əsasında yeni peşələrin və peşə standartlarının yaranmasını, eləcə də həm kəmiyyət, həm də keyfiyyət baxımından müasir tələblərə cavab verən milli kadr potensialının formalaşdırılmasını zəruri edir.

Eyni zamanda, ölkəmizdə hazırda davam edən və planlaşdırılan bir çox irimiqyaslı layihə, o cümlədən, “Şahdəniz -2” yatağının platformasının tikintisi, transmilli neft-qaz layihələrinin istismarı və nəqli, yol infrastrukturunun yenilənməsi, yeni yaşayış massivlərinin inşası, yeni beynəlxalq limanların tikintisi, neft-kimya kompleksinin yenilənməsi əmək bazarında tələb olunan və gələcəkdə tələb olunacaq peşə və ixtisasların istiqamətini müəyyən edir. Bütün bunlar isə peşə təhsili sistemi qarşısında təlim-tədris proseslərinin təşkili, tərəfdaşlarla iş birliyinin yaradılması və inkişaf etdirilməsi baxımından yeni tələblər qoyur.

Bununla əlaqədar olaraq, əmək bazarının mövcud vəziyyətinin təhlili və gələcək inkişaf perspektivləri əsasında ali, orta və peşə ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının tələblərinə uyğunlaşdırılması, digər tərəfdən istehsalın müasir standartlara cavab verən texnoloji proseslər əsasında qurulması nəticəsində tələb olunan bacarıqların müəyyən olunması məqsədilə dayanıqlı monitorinq və proqnozlaşdırma sisteminin yaradılması bu gün əsas məqsədlərdən biridir.

- Əlillərin peşə reabilitasiyası və işlə təminatı sahəsində hansı işlər görülür? Əlillər üçün kvota üzrə iş yerlərinin ayrılması ilə bağlı vəziyyət necədir?

- Azərbaycan əhalisinin 5,6 faizini əlillər təşkil edir. Nazirliyin bu sahədə fəaliyyətinə gəlincə, Dövlət Məşğulluq Xidməti tərəfindən vətəndaşların sağlamlıq imkanlarına uyğun olaraq peşə hazırlığı kursları təşkil olunur. 2015-ci ildə 204 nəfər, 2016-cı ilin 6 ayı ərzində 92 nəfər əlilliyi olan vətəndaş müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub. Xüsusilə qeyd etmək lazımdır ki, Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində gözdən əlil olan vətəndaşlar Brayl sistemi üzrə “Kompüter istifadəçisi” və “İngilis dili” kurslarına cəlb olunurlar.

Əlilliyi olan vətəndaşların münasib işlərlə təmin edilməsi istiqamətlərində də müvafiq tədbirlər həyata keçirilir. Belə ki, onlar “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi” Qaydasına əsasən müəssisələrdə müəyyən olunmuş kvota yerlərinə göndərilirlər. Müəyyən olunmuş kvota yerlərinin 50% əlilliyi olan şəxslər üçün nəzərdə tutulur.

2016-ci ildə 665 müəssisədə 1972 kvota üzrə iş yeri müəyyən olunub və cari ilin 6 ayı ərzində kvota üzrə 128 nəfər əlilliyi olan vətəndaş işlə təmin olunub.

Əlilliyi olan vətəndaşların peşə reabilitasiyasına gəlincə, 2013-cü ildən başlayaraq Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 870-dən artıq gənc peşə reabilitasiya kurslarına cəlb olunub. Müraciət edən gənclər ilk növbədə peşə yönümü məsləhətləri alır, daha sonra onlar peşə kurslarına cəlb olunurlar. Qeyd etmək lazımdır ki, gənclər tərəfindən kompüter kursu, xalçaçılıq, toxuculuq, tikiş, ağac üzrə oyma, kulinariya, qadın bərbəri, kişi bərbəri, rəssamlıq kurslarına daha çox üstünlük verilir. Bu gənclərin bir çoxu əldə etdiyi peşə ilə özlərinin məşğulluğunu təmin edərək cəmiyyətə tam inteqrasiya olunurlar. Həmçinin mərkəzdə gənclər dövlət hesabına yataqxana, yemək və tibbi-fizioterapevtik xidmət ilə təmin edilirlər. Hazırda Mərkəzdə 106 nəfər sağlamlıq imkanları məhdud gəncə müxtəlif peşə təlimlərinə cəlb olunub. Bundan əlavə, təmiri başa çatdırılmış Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2, 3 və 4 nömrəli xüsusi internat məktəblərinin nəzdində peşəyönümlü tədris emalatxanaları yaradılıb.

Son xəbərlər

Orphus sistemi