Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
S.Müslümov Azərbaycanla İran arasında yüksək səviyyədə münasibətlərin mövcud olduğunu, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.
O, Azərbaycanda insan kapitalının inkişafı, müsbət demoqrafik proseslər, habelə əhalinin, o cümlədən iqtisadi fəal əhalinin artımına uyğun olaraq hazırlanan yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib: “Hazırda Azərbaycanın əmək bazarında digər ölkələrlə yanaşı İran vətəndaşları da əmək fəaliyyəti göstərir və ölkə vətəndaşları kimi, onların da əmək hüquqları dövlət tərəfindən qorunur. Eyni zamanda, gələcəkdə əmək pensiyası və digər sosial hüquqlara malik olmaları üçün onlar sosial sığorta sistemi ilə əhatə olunub və bu məqsədlə fərdi uçot sistemində qeydiyyata alınıblar. Son üç ildə həmin sistemdə qeydiyyatda olan İran vətəndaşlarının sayı təqribən 3 dəfəyə qədər artaraq 1054 nəfərə çatıb”.
Nazir Azərbaycanda əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən (əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri) bəhs edib: “Əhaliyə şəffaf və müasir şəraitdə xidmətlər göstərməyə imkan verən bu sistemlər hazırda mötəbər beynəlxalq qurumlar tərəfindən də dünyada mütərəqqi təcrübələr kimi qəbul olunur və digər ölkələrdə də təbliği dəstəklənir. Qonşu və dost ölkə olan İranla əməkdaşlıq müstəvisində digər sahələrlə yanaşı, bu sahədə də təcrübə mübadilələrinə həmişə hazırıq”.
Ə.Rəbii Azərbaycan ilə İran arasında dost münasibətlərinin mövcud olduğunu və Azərbaycanda ümumi inkişaf proseslərindən həmişə məmnun olduqlarını qeyd edib. O, iki ölkənin əmək və sosial müdafiə sahələrində də əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Ə.Rəbii xüsusən də müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, kimsəsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, sosial xidmət sisteminin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, reabilitasiya və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasının önəmli olduğunu bildirib.
Görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.