Yuxarı
    Bağlamaq

    ​Nazir: “Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan ölkələrdən biridir”

    Səlim Müslümov ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 132 milyard ABŞ dolları təşkil etdiyini deyib

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) İtaliya Respublikasının Əmək, Sosial Siyasətlər və Bərabər İmkanlar Nazirliyinin diplomatik konsulu Paolo Trikilo ilə görüş olub.

    Nazirlikdən “Report”a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son 10 ildə ölkədə Ümumi Daxili Məhsulun 3,4 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə artdığını, iqtisadiyyata yatırılan investisiyaların həcminin 132 milyard ABŞ dolları təşkil etdiyini deyib.

    S.Müslümov gənclərin məşğulluğunun təminatı sahəsində aparılan işlərdən də bəhs edib: “Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan ölkələrdən biridir. Belə ki, ölkəmizdə ümumi işsizlik səviyyəsi 5 faiz olduğu halda 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9 faiz, 15-24 yaş arasında isə 13,5 faiz təşkil edir ki, bu da dünyanın digər ölkələrində mövcud olan göstəricilərdən aşağıdır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında da Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, praktik iş təcrübəsi barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib”.

    P.Trikilo bütün sahələrdə dayanıqlı inkişaf tempinə malik olan Azərbaycanda eyni zamanda ümumavropa dəyərlərinə uyğun sosial siyasət kursunun həyata keçirilməsinin, sosial hüquqların təmini baxımından da hər bir kəs üçün bərabər imkanlar yaradılması sahəsində aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, ölkədə gənclərlə bağlı fəal siyasəti yüksək dəyərləndirib, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliyanın Əmək, Sosial Siyasətlər və Bərabər İmkanlar Nazirliyinin gələcəkdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb.

    Görüşdə hər iki nazirliyin fəaliyyət təcrübəsi barədə qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Tanışlıq məqsədi daşıyan görüşdə İtaliya Respublikasının Azərbaycandakı səfiri Ciampaolo Kutillo da iştirak edib.

    Qeyd edək ki, Paolo Trikilo Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak etmək üçün Azərbaycanda səfərdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi