Yuxarı

Naxçıvanda əhalinin ölüm səviyyəsinin göstəricisi aşağı düşüb

1995-ci ildə ölüm göstəricisi min nəfərə 6 idisə, indi 4,2 nəfər təşkil edir

Bakı. 5 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2016-cı il tarixinə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 641 nəfər artaraq 444 min 423 nəfər olub.

“Report”un xəbərinə görə, hazırda Muxtar Respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin 29,5 faiz şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Naxçıvanda əhalinin bir kvadratkilometrə düşən sayı 81 nəfər olub ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 20 nəfər çoxdur. 1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 106,6 min nəfər artıb.

Son 20 il ərzində Muxtar Respublikada 62,4 min nikah bağlanıb, 153,5 min uşaq doğulub. Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölümlərin, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salıb. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olmuşdusa, hazırda bu göstərici 4,2 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 2015-ci ildə bu göstərici 0,8 nəfər təşkil edib. Doğumun dinamik artımı muxtar respublika əhalisinin sayında gənclərin ümumi sayının artmasına müsbət şərait yaradıb. Əgər 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 1 yanvar 2016-cı il tarixə bu göstərici 30,8 faizə çatıb. 1995-ci illə müqayisədə gənclərin sayı 62,6 min nəfər artaraq 137 min nəfərə yaxın olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi