Bakı. 23 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) üzrə 216 ümumtəhsil məktəbi var ki, 2014-2015-ci tədris ilinin əvvəlinə həmin məktəblərdə 3580 ədəd kompüter mövcud olub. Bu barədə "Report" Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən məlumat verir.
3580 kompüterdən 3026-sı internetə qoşulub. Muxtar Respublika üzrə orta hesabla bir kompüterdən istifadə edən şagirdlərin sayı 12 nəfərdir.
Naxçıvan şəhərində olan 22 məktəbdə 857 kompüter var ki, onlardan 741-i internetə qoşulub.
Şərur rayonunda fəaliyyət göstərən 56 orta məktəbdə olan 823 kompüterdən 739-u internetə qoşulub. Ermənistan Respublikası ilə sərhəddə yerləşən Sədərək rayonunun 4 məktəbində 143 kompüter var. Onlardan 103-ü internetə qoşulub. Bu rayonda hər kompüterdən orta hesabla 9 nəfər istifadə edir.
Qeyd edək ki, digər rayon məktəblərinin İKT ilə təminatında da oxşar statistika izlənilir.