Bakı. 29 mart. REPORT.AZ/ "Narkotiklər haqqında həqiqəti bilin" adlı yeni üslubda yaddaş kitabçası hazırlanıb. Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, kitabça Komissiyanın İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) narkotiklərə qarşı ümumdünya çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərdən istifadə olunmaqla ərsəyə gəlib.
Bundan başqa, kitabça özündə Azərbaycanda qanunsuz dövriyyədə olan və narkomanların gündəlik qeyri-tibbi yolla istifadə etdikləri narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, onun istifadə üsulları, istifadəçilərə təsiri, istifadə edənlərə göstərdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları əks etdirir.
"Kitabça narkotik vasitələrin, psixotrop maddələrin növlərinə görə onu qəbul edən insanların davranışında, psixikasında və zahiri görünüşündə baş verən dəyişikliklər, həmçinin başqalarının təsiri altına düşməsindən yayınma və sair bu kimi narkomanlığın profilaktikası və əhalinin maarifləndirilməsində xüsusi əhəmiyyətlidir", - deyə Dövlət Komissiyasından bildirilib.