Naftalanda düşmən tərəfindən dağıdılan evlər yenidən bərpa edilir

Naftalanda düşmən tərəfindən dağıdılan evlər yenidən bərpa edilir Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində Vətən müharibəsi zamanı zərər görmüş evlərin inşasına və bərpasına başlanılıb.
Sosial müdafiə
27 Yanvar , 2021 15:26
Naftalanda düşmən tərəfindən dağıdılan evlər yenidən bərpa edilir

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 2020-ci ilin sentyabrın 27-dən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər çərçivəsində 11 rayon və şəhər ərazisində bərpa və təmir-tikinti işlərinə start verilib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, artıq Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində Vətən müharibəsi zamanı zərər görmüş evlərin inşasına və bərpasına başlanılıb.

Qaşaltı Qaraqoyunlu kəndində evlərlə yanaşı, vətəndaşların yardımçı tikililər də bərpa olunur.

Dəymiş ziyanın aradan qaldırılması məqsədilə təmiri və ya yenidənqurulması işlərinə başlanılan obyektlərin əksəriyyətini qismən zədələnmiş və ya tamamilə dağıdılmış fərdi yaşayış evləri təşkil edir.

Kənd sakini Kərəm Yusifov "Report"a bildirib: "Ötən il sentyabrın 30-da düşmənin atdığı mərmilər evimin yardımçı təsərrüfatına və qonşuluqda olan evə düşüb. Hazırda Prezidentimizin verdiyi göstəriş əsasında digər vətəndaşlar kimi, mənim də yardımçı tikilimdə təmir işləri aparılır".

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. 44 günlük Vətən müharibəsi zamanı Qaşaltı Qaraqoyunlu kəndi də düşmənin silahlı hücumuna məruz qalıb və burada bir çox yaşayış evləri və obyektlər zərər görüb.

Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq başlanılıb.

Son xəbərlər

Orphus sistemi