Yuxarı

Səlim Müslümov: "İranla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə önəm veririk"

ƏƏSMN-də İranın kooperasiya, əmək və sosial rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkədə səfərdə olan İran İslam Respublikasının (İİR) kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. "Report" xəbər verir ki, Azərbaycanla İran arasında əlaqələrin daim gücləndiyini diqqətə çatdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iki ölkə başçılarının qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlərin, müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan sənədlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

O deyib ki, nazirlik bütün işlərdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir: "Hesab edirik ki, müvafiq fəaliyyət sahələrində İranla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təcrübə və məlumat mübadilələri hər iki tərəf üçün önəmlidir və bununla əlaqədar ƏƏSMN tərəfindən bütün səylər göstəriləcək”.

İranlı nazir Ə.Rəbii İran-Azərbaycan münasibətlərinin inkişafının ikitərəfli əlaqələrin genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb. O, əlilliyin olan şəxslərin reabilitasiyası, onların bərpa-müalicəsi, kimsəsiz şəxslərin sosial rifahının dəstəklənməsi, sosial xidmətlər, əmək bazarı siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini bildirib.

O, həmçinin işsiz şəxslərin əmək bazarına çıxışını asanlaşdırmaq üçün proqramların hazırlanması, peşə reabilitasiyası, məzunların əmək bazarına inteqrasiyası, əməyin mühafizəsi, işəgötürənlər və işçilər arasında mübahisələrin həlli və s. sahələrdə də əməkdaşlıq üçün imkanların mövcud olduğunu qeyd edib.

Görüşdə təklif olunan istiqamətlər üzrə qarşılıqlı maraq doğuran məlumatlar verilərək bu sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadilələri aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi