Səlim Müslümov: "Əlillik təyinatlarının tam avtomatlaşdırılması üçün mühüm addımlar atılacaq"

Səlim Müslümov: "Əlillik təyinatlarının tam avtomatlaşdırılması üçün mühüm addımlar atılacaq" ƏƏSMN-də 2014-cü ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib
Sosial müdafiə
26 Yanvar , 2015 15:54
Səlim Müslümov: Əlillik təyinatlarının tam avtomatlaşdırılması üçün mühüm addımlar atılacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ "2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5 731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılan vəsait hesabına bu il 1 031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur". "Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2014-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ünvanlı yardım alan ailələrin sayı 35,5 faiz azalaraq 92 514-ə enib: "Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşayiət olunub.

S. Müslümov qısa müddətdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqini hesabat dövrünün mühüm uğurlarından biri kimi dəyərləndirib: “Hazırda bu sistem yalnız əmək hüquqlarının təminatına deyil, ümumən əmək bazarına dövlət tərəfindən ən səmərəli nəzarət mexanizmini təmin edir”.

Nazir, həmçinin hesabat dövründə həyata keçirilən dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 20 417 halda əmək qanunvericiliyinin pozulması faktının aşkar edildiyinə toxunub: "Həmin hüquq pozuntularına yol vermiş işəgötürənlərə qarşı qanunvericiliyə əsasən cərimələr tətbiq olunub. Qeyd olunan cərimələrin 44,6%-i, yəni 1 915 347 manatı artıq dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Həmçinin ötən il işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527 574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib".

Əlillik müayinələrinin aparılmasına ciddi nəzarətin tətbiq olunduğunu deyən nazir vurğulayıb ki, son bir ildə ilkin əlillik təyin olunan şəxslərin sayı 2013-cü ilə nisbətən 7 664 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3937 nəfər azalıb: "Tam reabilitasiya olunanların sayı 1 802 nəfər artaraq 7 667 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 3 102 nəfər artaraq 4 361 nəfər təşkil edib. Ümumilikdə tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. Bu il əlillik təyinatlarının tam avtomatlaşdılması üçün də bir sıra mühüm addımlar atılacaq".

Kollegiya iclasında ƏƏSMN-nin fəaliyyət sahələrinə dair hesabatlar təqdim edilib. Aparılan müzakirələr zamanı görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan da bəhs olunub. İclasda fəaliyyətlərində nöqsanlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul olunub və nazirliyin struktur bölmələrinin məsul şəxslərinə müvafiq göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi