Bakı. 27 aprel. REPORT.AZ/ “Bəzi həmkarlarım ehtiyat edir ki, qəbul ediləcək qanun sərt şəkildə olarsa, bu işləməyəcək. Axı niyə işləməsin?!”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, qanuna əməl olunmasa, o zaman insanlar daha çox cərimə olunacaq: “Bu da büdcəyə öz müsbət təsirini göstərmiş olacaq. İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək. Restoranlarda açıq və ya yarı qapalı yerlər təşkil edilə bilər. Sahibkarların buna gücü çatar. Kənd yerində qapalı yer necə yaradılsın?! Buna oradakı insanların imkanı çatmaz. İş yerlərində isə siqaret çəkilməsi üçün qapalı yer yaratmağa nə ehtiyac var?! Siqaret çəkmək üçün çölə çıxmaq olmazmı?! Durduq yerə özümüzə problem yaradırıq. Bununla da sahibkarlara əlavə xərclər yaratmış oluruq. Odur ki, qapalı yerlərlə bağlı bir daha fikirləşmək lazımdır”.