Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub

Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub Hüquqlarının təmin olunması zamanı müəyyən problemlərlə üzləşən miqrantlar rahat şəkildə Ombudsmanın "qaynar xətti"nə müraciət edə bilərlər
Sosial müdafiə
17 Oktyabr , 2017 09:25
Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti  olma şərtləri müzakirə olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı şəhər regional miqrasiya idarəsində “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı və Dövlət Miqrasiya Xidmətinin (DMX), o cümlədən Xidmət yanında İctimai Şuranın fəal dəstəyi ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtləri” mövzusunda ictimai müzakirə keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Müzakirəyə çıxarılan məsələlər barədə məlumat verən layihə əlaqələndiricisi Azər Allahverənov bildirib ki, miqrantların inteqrasiyası bir sıra amillər sayəsində səmərəli ola bilər. Belə ki, şəffaf qeydiyyat mexanizminin mövcudluğu və miqrantların miqrasiya qaydaları barədə məlumatlı olmaları müzakirə olunan məhz bu mövzu kontekstində mühüm əhəmiyyət kəsb edir. Qüvvədə olan Miqrasiya Məcəlləsi miqrantların Azərbaycanda yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtlərini açıq şəkildə bəyan edir və vacib olan məqam həmin şərtlər barədə miqrantların düzgün şəkildə məlumatlı olmaları ilə bağlıdır.

Layihə rəhbəri qeyd edib ki, bu kimi ictimai müzakirələr miqrantların qeydiyyatı ilə bağlı aktual məsələlərin nəzərdən keçirilməsi və həll olunması üçün geniş imkanlar açır.

Tədbirdə iştirak edən “Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova bildirib ki, miqrant uşaqlarının problemləri təmsil etdiyi təşkilatın fəaliyyət spektrinə daxildir və bir çox problemlər məhz müvafiq dövlət qurumları, o cümlədən DMX ilə qurulan səmərəli əməkdaşlıq nəticəsində həllini tapır. Lakin həmin qrupa aid edilən bəzi uşaqlar var ki, onlar Gürcüstan ərazisində doğulublar, hal-hazırda səhhəti ilə əlaqədar Azərbaycanda müalicə alırlar və bu səbəbdən həm miqrasiya, həm də səhiyyə orqanlarına rüsumlar ödəyirlər. Maddi vəziyyəti aşağı olan həmin ailələr tələb olunan rüsumları ödəməkdə çətinlik çəkirlər və bu səbəbdən onlarla münasibətdə bir sıra güzəştlərin tətbiq olunması zərurəti yaranır. Bu məsələnin gündəmdə saxlanılması olduqca vacibdir.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova miqrantların hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə danışıb və tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hüquqlarının təmin olunması zamanı müəyyən problemlərlə üzləşən miqrantlar rahat şəkildə Müvəkkilin "qaynar xətti"nə müraciət edə bilərlər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov elmlə məşğul olan şəxslərin viza rüsumundan azad olunması, həmçinin Azərbaycan vətəndaşlığının əldə edilməsi kimi məqamlara nəzər salıb və qeyd edib ki, bu kimi məsələlərlə bağlı geniş ictimai müzakirələr təşkil olunmalı və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura bu kimi təşəbbüslərin həyata keçirilməsi istiqamətində addımlar atmalıdır.

“Həmrəy” İctimai Birliyinin sədr müavini Elvin Babayev əcnəbilərlə sıx təmasda işləyən özəl qurumların, xüsusilə nəqliyyat xidmətləri göstərən müəssislərin nümayəndələrinin xarici dildə rahat danışmaları, ölkənin tarixi, siyasi sistemi barədə məlumatlı olmaları barədə danışıb və xüsusilə vurğulayıb ki, bu sahələrdə minimum biliyə malik olan şəxslər əcnəbilərlə ünsiyyət qurarkən daha doğru və dolğun məlumat çatdıra bilərlər ki, bu, bilavasitə bizim maraqlara cavab verən haldır.

İctimai müzakirədə fəal iştirak edən DMX yanında İctimai Şuranın katibi Kənan Bağırov, vətəndaş cəmiyyəti təmsilçiləri Mehriban Hüseynova, Leyla Nuriyeva, Anastasiya Lavrina və digərləri əcnəbilərin ölkə ərazisində qeydiyyatı, müvəqqəti olması və daimi yaşaması ilə bağlı mövcud vəziyyətə nəzər salıblar və aktuallığı ilə səciyyələn bir sıra məsələlərin gündəmdə saxlanılmasının vacibliyini qeyd ediblər.

Dövlət Miqrasiya Xidmətinin rəsmisi Vaqif Mansurov miqrasiya qanunvericiliyində əcnəbilərin qeydiyyatı, daimi yaşaması və müvəqqəti olması ilə bağlı şərtlər və bu sahədə yeniliklər barədə ətraflı məlumat verib, tədbir iştirakçılarını narahat edən sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi