Mingəçevir. 22 avqust. REPORT.AZ/ Bu gün Mingəçevir şəhərində Qurban bayramı münasibətilə aztəminatlı ailələrə sovqat paylanılıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən ”Report”un Şirvan bürosuna verilən məlumata görə, 2000-dən çox ailəyə qurban əti verilib.
Şəhər İcra Hakimiyyətinin nəzarəti altında ayrı-ayrı kollektivlər və imkanlı şəxslər tərəfindən kəsilmiş qurbanlar 1150 şəhid və əlil ailələrinə, ayrı-ayrı cəmiyyətlərin nümayəndələrinə, maddi imkanı aşağı olan ailələrə və digər şəxslərə təqdim olunub. Eyni zamanda Mingəçevir Mərkəzi Xəstəxanasının kollektivinin və Xəstəxana həmkarlar şurasının təşəbbüsü ilə daha 75 ailəyə və Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərinə qurbanlar paylanıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Qurban bayramı aksiyasında fəal iştirak edib. Belə ki, ünvanlı sosial yardım alan 1176 aztəminatlı ailəyə Nazirliyin yerli strukturları tərəfindən sovqatlar verilib.