Milli Məclisin komitə sədri: "Ölkənin bəzi bölgələrinə hələ də yol çəkilməyib"

Milli Məclisin komitə sədri: "Ölkənin bəzi bölgələrinə hələ də yol çəkilməyib" "Turizm haqqında" qanun layihəsinin ilkin müzakirəsi keçirilib
Sosial müdafiə
30 Mart , 2016 16:18
Milli Məclisin komitə sədri: Ölkənin bəzi bölgələrinə hələ də yol çəkilməyib

Bakı. 30 mart. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Turizm haqqında" qanun layihəsinin ilkin müzakirəsi təşkil olunub. "Report"un məlumatına görə, layihə barədə danışan komitə sədri Hadi Rəcəbli bildirib ki, belə bir qanun ilk dəfə 1999-cu ildə qəbul edilib.

Onun sözlərinə görə, əvvəlki qanun bu günün tələblərinə cavab vermir: "Ona görə də qanunun yenidən işlənib hazırlanmasına ciddi ehtiyac var idi. Bütün bunları nəzərə alaraq, layihənin hazırlanması ilə əlaqədar İşçi Qrupu yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da İşçi Qrupunda fəal iştirak ediblər. Artıq çoxlu materiallar toplanıb".

O bildirib ki, yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb: "Əsas məqsəd layihənin gündəmə gəlməsi və parlamentin yaz sessiyası dövründə müzakirəyə çıxarılmasıdır".

Komitə sədri əlavə edib ki, bu gün ölkədə daxili turizmlə bağlı böyük işlər görülüb: "Türkiyə Rusiya bazarından geri çəkildikdən sonra boşluqlar yaranıb. Bu boşluqları doldurmaq üçün nazirlik tərəfindən mühüm işlər görülür. Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə nail ola bilərik".

H.Rəcəbli xatırladıb ki, 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana olduğu halda, indi onların sayı 400-ü keçib: "Bu gün ölkədə turizm üçün 223 muzey, 29 teatr, 6 300 tarixi abidə, 27 qoruq var. Azərbaycanın turizm potensialı haqqında günlərlə danışmaq olar. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da var. Ölkədə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol çəkilməyib. Görüləsi işlərimiz görülənlərdən qat-qat çoxdur".

Son xəbərlər

Orphus sistemi