Yuxarı
    Bağlamaq

    Milli Məclisdə "Qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda "dəyirmi masa" keçirilib

    Bahar Muradova: İstər yerli, istərsə də milli səviyyədə olan seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisində "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

    "Report" xəbər verir ki, tədbirə sədrliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi Sahibə Qafarova edib.

    Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda istər yerli, istərsə də milli səviyyədə olan seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır: "Belə ki, yerli qurumlarda qadınların təmsilçiliyi 4 faizdən 30 faizə qədər artıb. Bu, dövlətin apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələdə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq bu kampaniyaya ayrılan önəmin nəticəsidir".

    B.Muradova əlavə edib ki, bu gün qadınların diqqət mərkəzində olan məsələlər bilavasitə kişilərin gündəminə və proqramına daxil olur: "Parlamentdə təmsil olunan kişi deputatlarımız daim qadınlara qarşı baş verən zorakılıqların aradan qaldırılması istiqamətində ciddi səylər göstərirlər".

    Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycanın bu istiqamətdəki təcrübəsi çox qiymətlidir: "Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun. Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli və vacib olacaq. Hansı ölkədə ki qadınlara qarşı zorakılığın aradan qaldırıması üçün səylər göstərilir, deməli, bu dövlətin gələcəyi var, cəmiyyət mədəniyyətə çox meyllidir və millətin yaşamağa haqqı var".

    Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, zorakılıq məsələsi bütün dünyada mövcud olan problemdir: "Ona görə də kim desə ki, bu problem tam həll olunacaq, əlbəttə ki, buna heç kim inanmaz. Dünya təcrübəsinə baxanda Azərbaycanda bu sarıdan vəziyyət daha yaxşıdır. Amma yenə də özümüzü rahat hiss etməməliyik. Azərbaycanda problemin həlli ilə bağlı böyük işlər görülsə də, yenə də fəaliyyətimizi davam etdirməliyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi