Milli Məclisdə Gəncə-Naxçıvan aviareysinin açılması təklif olunub

Milli Məclisdə Gəncə-Naxçıvan aviareysinin açılması təklif olunub "Hərbi xidmət çəkən əsgərlərin, onların valideyinlərinin uçuşlarında ciddi əngəllər yaranır"
Sosial müdafiə
17 Mart , 2017 15:45
Milli Məclisdə Gəncə-Naxçıvan aviareysinin açılması təklif olunub

Bakı. 17 mart. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən iclasında Gəncə-Naxçıvan aviareysinin bağlanmasına, o cümlədən hava limanlarında Gəncə adının hələ də “Kirovabad” kimi qeyd olunmasına narazılıq bildirilib. “Report” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı sədri, deputat Naqif Həmzəyev Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib ki, Gəncə beynəlxalq hava limanının potensialından maksimim istifadə olunmur.

O qeyd edib ki, ötən il Bakı-Gəncə aviareysinin bağlanmasından sonra Azərbaycan Prezidentinin dəstəyi ilə bu reys yenidən bərpa olundu: “Amma təəssüf ki, Gəncə-Naxçıvan reysi bərpa olunmadı. Halbu ki, bu reysin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində, o cümlədən hərbi xidmət çəkən əsgərlərin, onların valideyinlərinin uçuşlarında ciddi əngəllər yaradır”.

Deputat həmçinin beynəlxalq hava limanında Gəncə sözünün yerinə Kriovoabad (KVD) yazılmasının bir çox sualların yaranmasına səbəb olduğunu bildirib.

O Gəncədə son illər görülən işləri diqqətə çatdıraraq bildirib ki, turistlərin cəlb edilməsində aviareyslərin bərpası və artırılması vacib rol oynayır, buna diqqət yetirilməlidir.

Deputat həmçinin Gəncədə fəaliyyət göstərən Aqrar Universitetə məxsus praktika üçün vaxtı ilə mövcud olan torpaq ərazilərinin qaytarılmasını da baş nazirdən xahiş edib. Deputat son illər Gəncədə görülən işlərdən danışaraq qeyd edib ki, Gəncədə 300-dən çox beynəlxalq və yerli layihələr həyata keçirilib: “Cənab Perzidentin diqqət və qayğısı nəticəsində bu layihələr uğurla başa vurulub. Gəncə şəhərində bu gün Heydər Əliyev parkı dünyada 5 parkdan ikincisidir. Bundan başqa tələbə yataqxanalarının, məktəb komplekslərinin təmir tikintisi aparılıb ki, bu növbəti ildə də davam edəcək”.

Spiker Oqtay Əsədov deputatın Gəncə ilə bağlı çıxışının hesabat xarakter almasına reaksiya verib: “Siz burada bütöv Gəncənin hesabatını verdiniz. Artur müəllim, yəqin siz də gördünüz”. Spikerin bu fikri deputatların alqışına və gülüşünə səbəb olub.

Son xəbərlər

Orphus sistemi