Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda dəyirmi masa keçirilib

Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda dəyirmi masa keçirilib Komitə sədri: "Uğurlu ailələrimizlə yanaşı, problemli ailələrimiz də var"
Sosial müdafiə
13 Aprel , 2016 12:56
Milli Məclisdə Ailə institutunun formalaşmasında adət-ənənələrimiz mövzusunda dəyirmi masa keçirilib

Bakı. 13 aprel. REPORT.AZ/ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda dəyirmi masa keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, deputatlar, rayon icra başçılarının müavinləri və QHT nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən hər il 10-a yaxın erkən nikahın qarşısı alınır: "Əsas məqsəd ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən nəslə ötürülməsidir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən "Azərbaycan ailəsi Strategiyası" hazırlanır və sənəd yekunlaşmaq üzrədir".

H.Hüseynova təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda uğurlu ailələrlə yanaşı, problemli ailələr də var: "Yanlış stereotiplər, qeyri-səmimi münasibətlər bir çox hallarda ailələrdə məişət zorakılığına, erkən nikahlara, uşaqların küçələrdə yaşamasına, intiharlara və digər neqativ halların yaranmasına səbəb olur. Bizim komitənin bir sıra öhdəlikləri var. Lakin, insan özü də, bunu dərk etməlidir ki, valideyn olaraq, övladım üçün hansı gələcəyi qururam? Məsələ yalnız ailə təhsildə, yaxşı işlə təmin olunmaqdan, övladına ailə qurmaqda kömək etməkdən ibarət deyil".

"Komitə Milli Məclisə nikah yaşının cinslər arasında bərabərləşdirilməsi, nikaha daxil olan şəxslərin öz səhhəti barədə bir-birini məlumatlandırılması, övladlığa götürmədən imtina ilə bağlı bəzi məsələlərin dəqiq tənzimlənməsi və nikah müqaviləsinin tətbiqi ilə bağlı təkliflər paketi ilə müraciət olunub. Hazırda boşanma halları çoxalıb. Boşanmadan sonra qadın və uşaqlar bir sıra problemlər yaşayır. Bununla bağlı ekspertlərimiz Ailə qanunvericiliyinin ekspertizasını aparıb və bir sıra təkliflər hazırlayıb" - komitə sədri əlavə edib.

Ombudsman Elmira Süleymanova isə qeyd edib ki, Azərbaycanda gənc ailələr və ailə problemləri üzrə hüquq məsləhətxanaları olmalıdır: "Milli fəaliyyət proqramı ilə bağlı təkliflərimizi vermişik. Vaxtı bitmiş bəndlər çıxarılmalı, indiki prioritetlərə uyğun yeniləri ilə əvəz olunması lazımdır".

Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib. 

Son xəbərlər

Orphus sistemi