Yuxarı

Milli Məclis avtobus sürücüləri üçün tələb olunan yaş həddi tələbinə məhdudiyyət qoyulması barədə layihəni qəbul edib

Layihə avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanda avtobus sürücüləri üçün tələb olunan yaş həddi tələbinə məhdudiyyət qoyulması ilə bağlı layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsinə təklif edilən dəyişiklik barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər sərtləşdirilib. Belə ki, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), eləcə də "D, E" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaq.

Mövcud qanunvericiliyə görə avtobuslarda sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürüclük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.

Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqadər sərnişin avtomobil nəqliyyatı vasitələrini idarə edən (avtobuslarla sərnişin daşıyan) sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb.

Dəyişikliklə bağlı layihə səsverməyə qoyularaq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi