Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Milli əmək bazarında sabitlik əldə olunmaqla işsizlik səviyyəsi 4,9 faizə enib"

    Tədbirdə Azərbaycanda məşğulluq sahəsində qazanılan nailiyyətlər barədə məlumat verilib

    Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Qazaxıstanda keçirilən 8-сi Astana İqtisadi Forumunda iştirak edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Dünyanın müxtəlif ölkələrindən 3 minədək nümayəndənin, siyasət adamlarının, iqtisadiyyat sahəsində nobel mükafatı laureatlarının, beynəlxalq ekspertlərin və digərlərinin iştirakı ilə keçən forumda qlobal miqyasda iqtisadi sabitliyin təmin olunması və dünya iqtisadiyyatının gələcəyi ilə bağlı məsələlər müzakirə olunub.

    Forum çərçivəsində "Əhalinin məşğulluğu: problemlər və perspektivlər" mövzusunda keçirilən sessiyada çıxış edən M.Kərimli ölkədə makroiqtisadi inkişafın əldə olunması yönündə aparılan islahatlardan, bu islahatların uğurlu nəticələrindən bəhs edib. 

    Nazir müavini son 10 ildə dünyada rekord səviyyədə, yəni 3,4 dəfə iqtisadi artıma nail olan Azərbaycanda əhalinin həyat səviyyəsinin artımına yönələn mühüm proqramlar nəticəsində yoxsulluğun 10 dəfə azalaraq, ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə endiyini bildirib. 

    Respublikada səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan fəal siyasət sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Sahibkarlığın dəstəklənməsi və özəl sektorun inkişafı şəraitində yeni iş yerlərinin yaradılmasının davamlı xarakter aldığı qeyd olunub. Həmçinin, ölkədə son 10 ildə 1 milyon 360 min, cari ilin ilk rübündə isə 30 minədək yeni iş yeri açılıb. Milli əmək bazarında sabitlik əldə olunmaqla işsizlik səviyyəsi 4,9 faizə enib ki, bu da Avropa Birliyində olan müvafiq göstəricidən 2 dəfədən də çox aşağıdır. 

    Nazir müavini gənclərin məşğulluğunun təminatı, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi sahəsində də Azərbaycanda görülən məqsədyönlü işlərdən söz açıb, ölkənin bu sahədə uğurlu təcrübəsinin mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb. 

    Sessiya zamanı dünyada əmək bazarının mövcud vəziyyəti, əmək bazarında baş verən dəyişikliklər və yeni tendensiyalar, məşğulluq probleminin həllində biznesin rolu və digər məsələlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi