Yuxarı

Məşğulluq orqanları əməkdaşları üçün növbəti təlim kursuna başlanılıb

​Məşğulluq orqanları əməkdaşları üçün VI təlim kursuna başlanıldı

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində VI təlim kursuna başlanılıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, bu dəfəki təlim “Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı” mövzusuna həsr olunub.

Təlim kursunun açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi, ölkədə məşğulluq imkanlarının artrılmasına, eyni zamanda gənclərin səmərəli məşğulluğunun təminatına yönələn proqramların ildən-ilə genişləndiyini vurğulayıb. O, Nazirliyin məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsini gənclər təşkil etdiyini deyib.

Nazir müavini qeyd edib ki, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını gücləndirmək məqsədilə karyera (peşə) - məsləhət və karyera, planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

O cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılması hədəflər sırasındadır.

Bu il BƏT-in 100 illik yubileyinin qeyd edildiyini bildirən A.Əliyev vurğulayıb ki, bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasında geniş əməkdaşlıq gündəliyi mövcuddur. “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da birgə layihələrin miqyasını xeyli genişləndirib. Proqram çərçivəsində təşkil olunan bu növbəti təlim kursu gənclərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi sahəsində Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin artırılmasına, onların bu sahədə dünyada olan qabaqcıl təcrübələri öyrənmələrinə dəyərli bir töhfədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üçün Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarro çıxış edərək hazırkı təlim kursunun əhəmiyyətini vurğulayıblar.

Dörd gün davam edəcək təlim kursunun gündəliyinə “BƏT-in Qlobal komissiyasının əməyin gələcəyi üzrə hesabatına ümumi baxış: “Parlaq gələcək üçün əmək” (R.Pizarro), “Məşğulluq Xidməti orqanlarının nailiyyətləri və boşluqlara ümumi baxış. Azərbaycan təcrübəsi” (Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov), “Peşəyönümü” (BƏT-in eksperti Yuri Qertsiy), “Stabil iş yerinə keçid: Gənclərin işə qəbulu və əmək haqqı subsudiyaları üçün təşviq” (BƏT-in eksperti Yens Sibbersen), “Təhlükəsiz və sağlam iş təcrübələrinə keçid-gənclərin qarşılaşdığı məşğulluq riskləri” (BƏT-in eksperti Benqt Lyngbek), “Məktəbdən işə keçid: işə əsaslanan öyrənmə imkanlarının artırılması” (BƏT-in ekspertləri Raul Komin və Yuriy Qertsiy) və digər mövzularda təqdimatların keçirilməsi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi