Yuxarı
    Bağlamaq

    Nazirlik: Ötən il ​Azərbaycanda məşğulluğu təmin olunanların 40 faizini gənclər təşkil edib

    Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığına cəlb olunan vətəndaşların 71,5 faizi gənclərdir

    Bakı. 2 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son bir ildə məşğulluğunu təmin etdiyi insanların 40 faizini gənclər təşkil edib.

    Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40 faizini (11604 nəfər) gənclər təşkil edib. Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1626 nəfərin 29 faizi (471 nəfər), Xidmətin Əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2 faizi (1738 nəfər) gənclərdən ibarət olub. Gənc işçi qüvvəsinin əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri üçün görülən işlər də uğurla davam etdirilir. 2015-ci ildə Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4147 nəfər vətəndaşın 71,5 faizi (2964 nəfər) məhz gənclər olub.

    Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ötən müddətdə ölkənin müxtəlif bölgələri üzrə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub.

    Bundan başqa, Abşeron rayonunun Masazır qəsəbəsində 120 mənzilli yaşayış binası istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu binada qeyd olunan şəxslərin məşğulluğunun təminatı da diqqətdə saxlanılıb. Belə ki, müəssisədəki iş yerlərində (kafe, bərbərxana, ticarət salonu, stolüstü oyun və internet zalları, camaşırxana və s. ) burada yaşayan gənclərin özlərinin işləməsi nəzərdə tutulub və bununla da ümumilikdə 35 məzunun işlə təminatı üçün şərait yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi