Yuxarı

MDB ölkələrindən Azərbaycanın DSMF-yə daxil olan müraciətlərin sayı artıb

Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə qərarlaşıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən il Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən 5 072 müraciət daxil olub. 

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. 

Məlumata görə, ötən dövr ərzində fonda MDB ölkələrindən 3744 müraciət göndərilib ki, bu da əvvəlki illə müqayisədə 11,49 faiz çoxdur. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanıb təsdiq olunmasından, konkret hallar üçün ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə qərarlaşıb və həmin ölkədən DSMF-yə 380 müraciət ünvanlanıb. Bu müraciətlər əsasən Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məsələlərini əhatə edir.

Digər 948 müraciət isə ayrı-ayrı xarici ölkələrdən və vətəndaşlardan daxil olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi