Yuxarı

Lənkəranda generalın abidəsinin ətrafındakı bazar yığışdırılıb

Lənkəranda generalın abidəsinin ətrafındakı bazar yığışdırılıb
Bu gün mərhum general-mayor Fikrət Məmmədovun doğum günüdür

Lənkəran. 9 dekabr. REPORT.AZ/ Bu gün mərhum general-mayor Fikrət Məmmədovun doğum günüdür. 

General-mayor Fikrət Məmmədov Lənkəranda Həzi Aslanov xiyabanı, dalan 1 ünvanında yaşayıb. Onun yaşadığı bu ərazi Lənkəran Mərkəzi Bazarına yaxın yerləşdiyindən bir neçə ildir bu küçə sitrus meyvələrinin topdansatış məntəqəsi kimi tanınırdı. Sakinlər üçün narahatlıq yaransa da, generalın xatirə lövhəsinin bazarın basırığında arxa plana keçməsi insanların daha çox heysiyyətinə toxunurdu. Bu səbəbdən də sakinlər və generalın ailə üzvləri hüquq-mühafizə orqanlarına, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısına müraciət ediblər. Maddi maraqlarını milli qürurundan öndə görən dırnaqarası işbazların yaratdığı "bazar" yığışdırılıb.

Bu barədə "Report"un Cənub bürosuna generalın yaxın qohumu, araşdırmaçı-yazıçı Xalidə Xalid məlumat verib.

X.Xalid ailə üzvləri və sakinlər adından generalın doğum günü ərəfəsində problemin aradan qaldırılmasında köməyi olan şəxslərə minnətdarlıqlarını çatdırıb.

Xatırladaq ki, Fikrət Seyfulla oğlu Məmmədov 1961-ci il dekabrın 9-da Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin institutun II kursunun birinci semestrini bitirən F.Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı tağım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən F.Məmmədov 1990-1993-cü illərdə Moskvada M.Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub. 1998-ci ilin mayında isə Fikrət Məmmədova general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. Vətənin müdafiəsində göstərdiyi xidmətlərə görə "Qırmızı Ulduz" , "Azərbaycan Bayrağı" orden və medalları ilə təltif olunub. General-mayor F.Məmmədov 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında faciəli şəkildə həlak olub.

F.Məmmədovun əbədiləşdirilməsi üçün Lənkəranda şəhərin mərkəzi küçələrindən birinə onun adı verilib. Oxuduğu Lənkəran şəhər 4 nömrəli hümanitar təmayüllü məktəb-liseydə tunc büstü qoyulub, doğulduğu evə isə xatirə lövhəsi vurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi