Yuxarı

Lənkəranda Ailə tipli kiçik qrup evinin açılışı olub - FOTO

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov iştirak edib

Lənkəran. 20 iyun. REPORT.AZ/ Lənkəran şəhərində oğlanlar üçün 2 nömrəli Ailə tipli kiçik qrup evinin açılışı olub. "Report"un Cənub bürosunun məlumatına görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Lənkəran Rayon İcra Hakimiyyətinin (RİH)  başçısı Taleh Qaraşov iştirak edib. 
Şəhərin M.M.Axund  küçəsi 43 ünvanında yerləşən  yerləşən binanın tikintisinə 2014-cü ildə başlanılıb və 2016-cı ilin may ayında başa çatdırılıb. Ərazisi 0,2 hektar olan qrup evinin binasının ümumi sahəsi 1040  kvadratmetrdir. Bina zirzəmisiz iki mərtəbəlidir. Layihə üzrə binada qonaq otağı, inzibati otaqlar və 12 yataq otağı nəzərdə tutulub. Binada videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

Kiçik qrup evinin istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən kombi quraşdırılıb.
2 nömrəli Ailə tipli kiçik qrup evinə yerləşdirilməsi üçün dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olmuş tam kimsəsiz 12 nəfər oğlan uşağı seçilib. Ailə tipli kiçik qrup evində kimsəsiz uşaqlar 18 yaşadək qayğı ilə əhatə olunaraq yaşayacaq və 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə onların kiçik qrup evində yaşamasına icazə verilir. Kiçik qrup evində yaşayan məktəb yaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumtəhsil məktəbində təhsil alacaq. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları və yazı masaları olur. Burada yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında sosial işçilər (tərbiyəçi) məşğul olur.

Beynəlxalq təcrübədə uğurlu model hesab edilən Ailə tipli kiçik qrup evində uşaqlara ev şəraitində yaşamaq imkanı yaradılır. Azərbaycanda Türkiyə modeli tətbiq olunduğundan oğlanlar və qızlar ayrı-ayrılıqda kiçik qrup evləri yaradılır.

Nazirlər Kabinetinin qərarı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların ev şəraitində yaşamaq hüququnu təmin etmək məqsədilə 2013-cü ildə Bakı şəhərində 10 nəfər qız uşağı üçün 1 nömrəli Ailə tipli kiçik qrup evi yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi