Yuxarı
    Bağlamaq

    “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticələri açıqlanıb

    MFP-də nəzərdə tutulan tədbirlərin 3 il 4 ay ərzində orta icra göstəricisi 83% olub

    Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, “Konstitusiya” Araşdırmalar Fondunun əməkdaşlıqda həyata keçirilən “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış 3-cü hesabat geniş ictimaiyyətə təqdim edilib.

    “Report”un xəbərinə görə, tədbiri girş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açıb və monitorinq prosesi barədə məlumat verib. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb və MFP-nin monitorinqinin nəticələri ilə bağlı fikirlərini bölüşüb.

    “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən MFP-nin monitorinqi ilə bağlı artıq üçüncü hesabat təqdim olunur. Monitorinq nəticələri göstərir ki, MFP-də nəzərdə tutulan tədbirlərin 3 il 4 ay ərzində orta icra göstəricisi 83% olub.

    MFP dövlət qurumları, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlər və başqa maraqlı tərəflər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. Tədbirlər 28 istiqamət üzrə qruplaşdırılıb. Milli Fəaliyyət Planında 2012-ci ildə 2, 2013-cü ildə 48, 2014-cü ildə 40 tədbirin icrasının başa çatdırılması nəzərdə tutulmuşdu. Milli Fəaliyyət Planındakı tədbirlərin 2015-ci lin sonunda tamamlanması nəzərdə tutulmuşdur.

    Ən yaxşı nəticə 26-cı - “Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi”, 8-ci - “Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması”, 3-cü - “Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, 15-ci - “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması”, 10-cu - “Etik davranış qaydalarının təkmilləşdirilməsi”, 7-ci - “Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi” istiqamətlərində əldə olunub.

    MFP-də 125 tədbirdən 79-nun icrası başa çatdırılıb. 38 tədbir 50% və ondan yuxarı səviyyədə icra olunub. MFP-də 7 tədbir 50% səviyyəsindən aşağı həyata keçirilib.

    Monitorinq prosesi göstərib ki, dövlət orqanları MFP ilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində hiss olunan dinamika nümayiş etdiriblər. MFP-nin icrası ilə əlaqədar olaraq 18 qanun layihəsi, bir məcəllə hazırlanıb. 2 konsepsiya, müxtəlif sahələrin tənzimlənməsi ilə əlaqadar 4 yeni qayda layihəsi hazırlanıb, 7 yeni qayda isə təsdiqlənib.

    Ümumi qənaət bundan ibarətdir ki, daha geniş miqyasda qanunverciliyin təkmilləşdirilməsi, prosedurların dəqiqləşdirilməsi, yenidən işlənməsi, müxtəlif sahələr üzrə inkişaf konsepsiyalarının hazırlanması və qəbulu, həmçinin elektron xidmətlərin tətbiqi ilə bağlı baza tədbirlərin həyata keçirilməsi prosesi əsasən başa çatıb. MFP–də nəzərdə tutulan tədbirlərin icrası məhz bu amillərlə əlamətdar olacaq.

    “Lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi”, “Əmək və sosial təminat sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi”, “Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin təkmilləşdirilməsi”, “Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi”, “Etik davranış qaydalarının təkmilləşdirilməsi”, “Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması”, “Ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi”, “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və bu sahədə institusional mexanizmlərin möhkəmləndirilməsi”, “Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması”, “Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi”, “Audit xidmətlərinin təkmilləşdirilməsi” istiqamətləri üzrə tədbirlərin icrasında əhəmiyyətli irəliləyişlər qeydə alınıb.

    Bələdiyyələrin fəaliyyətində, kommunal sektorda şəffaflıq və hesabatlılığın artırılmasına yönəlik təşəbbüslər, vətəndaşların qəbulu və vətəndaş müraciətlərinə baxılması sahəsində nəzarət tədbirləri, tikintiyə icazə verilməsi sahəsində atılan yeni addımlar pozitiv tendensiyalar kimi qeyd oluna bilər.

    Monitorinq nəticələrinə əsasən, MFP üzrə həyata keçirilən tədbirlərin səmərəlilik dərəcəsinin qiymətləndirilməsi, ayrı-ayrı tədbirlər kompleksinin ümumilikdə, korrupsiyaya qarşı mübarizə sahəsində hansı effekt verməsini, yaxud yeni mexanizm, alət və prosedurların konkret sektorlarda hansı nəticələrə səbəb olduğunu aydınlaşdırmaq üçün tədqiqat və araşdırmalara ciddi ehtiyac hiss olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi