Yuxarı

Azərbaycanda korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılma xüsusiyyətləri məlum olub

Yeni qanun layihəsi Azərbaycan Milli Məclisinə Prezident İlham Əliyevin imzası ilə daxil olub

Bakı. 10 fevral. REPORT.AZ/ Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılma xüsusiyyətləri məlum olub. "Report" xəbər verir ki, bu, yeni hazırlanan "Vətəndaşların müraciəti haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciəti üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 təqvim günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 təqvim günü uzatmaq hüququ var.

Qanun layihəsində o da bildirilir ki, dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edə bilər:

- müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda, əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülməsi, cinayət əməlləri olan hüquqpozmalar aşkar edildikdə müvafiq sənədlərin Azərbaycan Baş Prokurorluğuna göndərilməsi barədə;

- müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;

- müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə;

Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə müəyyən edilmiş qaydada 20 təqvim günü müddətində baxılır. Bundan başqa, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 təqvim günü ərzində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə nəzərdə tutulan müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Müddətlərin axımı müraciətin daxil olduğu gündən başlayır.

Nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Xatırladaq ki, yeni qanun layihəsi Milli Məclisdə komitə müzakirəsindən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi