Yuxarı

Körpəsi ilə azadlığa çıxan qadın: “Bir də bura gəlmərəm...” - HƏYAT HEKAYƏTİ

Körpəsi ilə azadlığa çıxan qadın: “Bir də bura gəlmərəm...” - HƏYAT HEKAYƏTİ
“Gecə səhərə qədər həyəcandan, sevincdən yata bilməmişəm. Yəqin balalarım da yatmayıblar...”
© Report/Elçin Murad

Bakı. 25 may. REPORT.AZ/ Prezident İlham Əliyevin may ayının 24-ü imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı bu gün  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub. 

“Report”un əməkdaşı müəssisədə 6 aylıq övladı ilə birgə cəza çəkən və bu gün azadlığa buraxılan Gündüz Babayeva ilə söhbətləşib. Onun həyat hekayətini təqdim edirik.

“Gecə səhərə qədər həyəcandan, sevincdən yata bilməmişəm. Yəqin balalarım da yatmayıblar...”

“Gecə səhərə həyəcandan, sevincdən yata bilməmişəm. Yəqin balalarım da yatmayıblar səhərə kimi...” - deyən Gündüz Babayeva Astara rayonunda doğulub, böyüyüb. O, 18 yaşında ailə həyatı qurub, hazırda 31 yaşı var, 5 uşaq anasıdır. Dörd oğlu, bir qızı var. Oğlanları 13 yaşlı Rəhman, 11 yaşlı Əli, 10 yaşlı Həsən, 6 yaşlı Amin bir il iki aydır ki, anasız, nənələrinin himayəsində yaşayırlar. Həbsxanada dünyaya gələn 6 aylıq Ayanın qardaşları ilə müqayisədə anasından ayrı düşmədiyi üçün daha şanslı, yoxsa həbsxanada dünyaya gəldiyi üçün şanssız olduğunu demək isə çətindir.

Günahsız günahkar

Yazımın qəhrəmanı özünün dediyinə görə, 29 yaşında xəbəri olmadan cinayət edib. Həyat yoldaşının dostu ona pul verərək, verdiyi ünvandan paket götürəcəyini istəyib. O razılaşıb, amma "iş" yolunda getməyib: G.Babayeva narkotik maddə alarkən həbs olunub.

“Mən belə əməlin sahibi deyiləm. İnanmışam, səhv eləmişəm, çox peşmanam”,- deyən G.Babayeva həbsxanada uşaqlı analar üçün karantin otağında yaşayıb. Qeyd edək ki, həbsxanada başqa uşaqlı qadın məhbuslar da var.

“Həbsxana qadın yeri deyil”

“Həbsxanada nə zaman gedir, nə də peşmanlıq fayda verir” - söyləyir azadlığına qovuşan qadın.

G.Babayeva deyir ki, həbsxana qadın yeri deyil: “Heç bir qadına buraya düşməyi arzulamıram, bura qadın yeri deyil. Allah bütün içəridə olanlara azadlıq qismət eləsin, sağ əlim başlarına olsun. Mən bundan sonra balalarımla bir yerdə xoşbəxt yaşayacağam, bir də belə səhv etmərəm, bir də bura gəlmərəm. Yaxşı vətəndaş olacağıma söz verirəm”.

“Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam”

Yazımın qəhrəmanını qarşılamağa anası və 6 yaşlı oğlu Amin gəlmişdi. Amin deyir ki, bundan sonra hər gün anasının qolları üstə yatacaq. Deyir, tez böyüyəcək, işləyib bacısına sırğa alacaq, anasına isə ikimərtəbəli ev tikəcək.

“Dörd əsgər böyüdürəm, amma onlar adını yaza bilmirlər”

G.Babayevanın anası isə ötən bir il iki ay ərzində çox zülm çəkdiyini bildirdi. Dörd oğlanı saxlamaq ona çox çətin olub. Problemlərdən biri də odur ki, uşaqlar anaları həbsə düşəndən məktəbə getməyib. G.Babayevanın anası deyir ki, uşaqlara ünvanlı sosial yardım da verilmir: “Neçə ildir Türkanda parnikdə işləyirəm ki, bu uşaqları saxlaya bilim, ataları da fəhlə işləyir. Gündüz azadlıqda olanda o da fəhləlik edirdi. Uşaqlar heç biri məktəbə getmir. Dörd əsgər böyüdürəm, amma onlar adlarını yaza bilmir. İmkanımız yoxdur, dövlət bizə sosial yardım etmir, mən çox xahiş edirəm bizə köməklik etsinlər, bəlkə sosial yardım versələr biraz vəziyyətimiz yaxşılaşar”.

Qeyd edək ki, G.Babayeva Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsi ilə ittiham olunub. 

P.S. Əfv olunan 8 qadın məhkumun azadlığa buraxılmasından əvvəl bununla bağlı Cəzaçəkmə Müəssisəsində tədbir keçirildi. Tədbirdə məhbusların yanında əyləşmişdim. Azad olunanlara bununla bağlı sənəd təqdim olunarkən məhbusların arasından belə bir səs eşitdim: “Bəxtəvər başınıza, siz məzardan çıxdınız...”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi