Yuxarı
    Bağlamaq

    Azərbaycanda könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır

    Sənəd layihəsinin Avropa İttifaqı tərəfindən aprel ayında geniş təqdimatının keçirilməsi nəzərdə tutulur

    Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanda könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır. "Report" xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondunda (DSMF) təqdimat keçirilib.

    Tədbirdə çıxış edən layihə rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova qeyd edib ki, bu, Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması sahəsində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsidir.

    Onun sözlərinə görə, hazırda layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlər yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının layihəsi üzərində işləyir: "Qanunvericilik bazası üzrə ilkin plan ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcək və sənəd layihəsinin Avropa İttifaqı tərəfindən aprel ayında geniş təqdimatının keçirilməsi nəzərdə tutulur".

    Layihənin icrası haqqında geniş təqdimatla çıxış edən rezident müşavir Aqrita Qroza layihənin uğurla davam etdirildiyini deyib.

    Daha sonra layihə üzrə almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer beynəlxalq təcrübəyə əsasən çoxsəviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları, yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması ilə əlaqədar beynəlxalq təcrübədə tətbiq edilmiş mexanizmlər və modellər, həmçinin özəl pensiya fondlarının yaradılması və könüllü sığortalanmanın əhəmiyyətli məsələlərinə həsr olunmuş təqdimatla çıxış edib.

    Qeyd edək ki, layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq təsvir olunacaq. İlkin plana daxil edilən məsələlər sonradan qanunvericilik bazası layihəsinin işlənməsində əsas götürüləcək. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi