Yuxarı

Komitə sədri: "Azərbaycanın bəzi rayonlarında, Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb"

Hicran Hüseynova: Nardaranda baş verən hadisələr uşaqların təhsildən yayınması və erkən nikahlarla bağlı narahatlığımızı bir daha təsdiqləyir

Bakı. 16 dekabr. REPORT.AZ/ “Son zamanlar Azərbaycanın bəzi rayonlarında, Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb”. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır: “Uşaqların təhsildən yayınması və erkən nikahlar bizi narahat edir. Bu isə daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxara bilər. Nardaranda baş verən hadisələr bu narahatlığımızı bir daha təsdiqləyir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq onları radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə ­xüsusilə analar bu məsələ ilə bağlı müraciət edərək bildirib ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Bu halda həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur”.

Komitə sədri bildirib ki, ölkədə bir müddət erkən nikahların sayında azalma müşahidə olunsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərind­ə erkən nikahların sayı artıb: “Bunun qarşısının alınması və effektiv nəticələrin əldə edilməsi üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirmək və müvafiq bölgələr üzrə maarifləndirmə işlərini aparmaq lazımdır”.

H.Hüseynova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri son 2 ildə 20 erkən nikah faktı qeydə alıb: “Onlardan 17-nin qarşısı alınıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi