Yuxarı
    Bağlamaq

    BMT rəsmisi: “Kişilərin sayının çoxalması kriminogen durumun daha da ağırlaşması ilə nəticələnir”

    “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Sabirabadda təlim keçirilib

    Bakı. 21 avqust. REPORT.AZ/ “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim Sabirabad şəhərində başlayıb. 

    "Report" xəbər verir ki, Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov təlimin qonağı olub.

    Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov belə təşəbbüsün keçirilməsinin çox mühüm olduğunu qeyd edib.

    Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers bildirib ki, BMT-nin Əhali Fondu ilə birlikdə həyata keçirilən layihə iki ölkə arasında mövcud olan müxtəlif müstəvilərdə dərin əlaqələrin sübutudur: “Digər olduqca vacib müstəvi məhz bu gün müzakirə etdiyimiz mövzu – cəmiyyətdə qadınlara qarşı ayrı-seçkiliyin qarşısını almaqdır. "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi də məhz innovativ yollardan istifadə edilərək gənc kişiləri doğulanların cins nisbətinin pozulmasına qarşı çıxmağa çağırır”.

    BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev qeyd edib ki, Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması BMT-nin Əhali Fondunun əsas strateji fəaliyyət prioritetlərindən birini təşkil edir: “Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir”.

    Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov doğulanlar arasında cins nisbətinin pozulmasının gəncləri də çox narahat etdiyini qeyd edib: “Ümidvaram ki, təlimlərimiz nəticəsində siz gənclərin qız uşaqlarına münasibəti daha uyğun və dəstəkçi olacaq. Çünki gender ayrı-seçkiliyi tək qadınların deyil, bütün cəmiyyətin problemidir”.

    Bundan sonra təlimlər öz işinə başlayıb. Təlimlər zamanı qonaqlara layihənin gedişatı ilə bağlı məlumat verilib. Daha sonra qonaqlar Sabirabad şəhərinin gəncləri ilə tanış olublar və onların mövzu ilə bağlı fikirlərini dinləyiblər. Təlimin ilk günündə layihənin multipleyerləri “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı-seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi mövzulardan danışıb. 

    Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Azərbaycanın 17 şəhər və rayonunu əhatə etməklə 550 gənc kişinin iştirakı ilə 30 təlim keçirilib. 

    Təlim avqustun 22-dək davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi