Yuxarı

DSMF sədri: "Keçən il pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin olunub"

Ötən il ərzində DSMF-nin xərcləri 2868,8 mln. manat təşkil edib

Bakı. 16 yanvar. REPORT.AZ/ "Keçən il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib". "Report" xəbər verir ki, bunu DSMF-nin ötən il üçün büdcəsinin icrası ilə bağlı Fondun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, keçən il Fondun gəlirləri 2894,3 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 223 mln. manat və ya 8,3 faiz çoxdur: "Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln. manat artaraq 1744,9 mln. manat təşkil edib. 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln. manat artıqdır. Hesabat dövrü ərzində, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri gücləndirilib. Nəticədə, 2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 15,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar 5,4 faiz artıb".

Fond sədri qeyd edib ki, büdcədən maliyyələşən təşkilatlardan daxil olan sosial sığorta haqqının məbləği 618,5 mln. manat təşkil edib: "Hesabat dövründə dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 1142 mln. manat həcmində Fondun hesabına daxil olub. DSMF-nin sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 mln. manat təşkil edib. Ötən il ərzində DSMF-nin xərcləri 2868,8 mln. manat təşkil edib ki, bunun da 2809,1 mln. manatının və yaxud 98%-nin əhaliyə ödənişlərə yönəldilib. Pensiya xərcləri 2738,5 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib".

Həmçinin bildirilib ki, Fondun aparatının və yerli orqanlarının saxlanılması xərcləri 22,5 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 17,5 mln. manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 18,6 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi