Yuxarı

Nazir: "İşsizlikdən icbari sığortalanma ilə bağlı qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir"

Səlim Müslümov: Layihə bitdikdən sonra müvafiq qurumlara təqdim olunacaq

Bakı. 8 fevral. REPORT.AZ/ "İşsizlikdən icbari sığortalanma ilə bağlı qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, layihə bitdikdən sonra müvafiq qurumlara təqdim olunacaq: "Qanun layihəsi 6 ay, ən uzağı bir il müddətinə işsiz olan insanların işlədikləri dövrdə əldə etdikləri əmək haqqının müəyyən hissəsini onlara verməklə maddi təminatını təmin etməyi nəzərdə tutur. O insanlar işaxtaran kimi qeydiyyata düşüb aktiv şəkildə iş axtarmırsa, bu, cəmiyyətdə işçi qüvvəsi arasında passivliyə səbəb olur. Bu da arzu olunan bir hadisə deyil, çünki işçi qüvvəsi arasında passivlik yaranır".

Nazir qeyd edib ki, bu gün dünyada passiv məşğulluq tədbirlərinə o qədər əhəmiyyət verilmir: "Əsas məsələ aktiv məşğulluq tədbirləridir. Yəni bu gün əsas məsələ yeni iş yerlərinin yaradılması, işçilərin yenidən hazırlığı, ixtisasartırma kurslarının geniş şəbəkəsinin qurulması, insanların bu kurslara cəlb olunması, onların hazır peşə təhsilli, ixtisas almış insanlar kimi əmək bazarına göndərilməsidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi