Yuxarı

​İsmayıllı şəhərində çoxmənzilli binalar əsaslı təmir olunacaq

Prezident İlham Əliyev bu məqsədlə İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Bakı. 11 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənəd İsmayıllıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 26 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə imzalanıb. 

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, kiçik su elektrik stansiyaları, Peşə Tədris Mərkəzi inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 8 mindən çox yeni iş yeri açılıb, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sənədə əsasən, İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrııb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi