Yuxarı

İnstitut direktoru: “Azərbaycanda əhalinin orta illik artımı Gürcüstan və Ermənistandan dəfələrlə çoxdur”

Əhalinin yüksəklikdə məskunlaşmasında yavaş-yavaş azalma prosesi gedir

Bakı. 18 noyabr. REPORT.AZ/ “Hazırda Azərbaycanda əhalinin orta illik artımı 1,2 faiz təşkil edir. Bu isə Gürcüstan və Ermənistandan dəfələrlə çoxdur”. "Report"  xəbər verir ki, bunu Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov akademiyanın Rəyasət Heyətinin geniş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 1990-cı ildə hər 1000 nəfərə təbii artım 19-20 nəfər idisə, artıq 90-cı illərin ortasında bu rəqəm 8-9 nəfər təşkil edib: “Lakin ölkə başçısı İlham Əliyevin 2004-cü ildə qəbul etdiyi Demoqrafik İnkişaf Proqramından sonra hər 1000 nəfərə düşən təbii artım 9 nəfərdən 12-13 nəfərə yüksəlib”.

R.Məmmədov onu da qeyd edib ki, əhalinin sayının artması istiqamətində mühüm işlər görülməlidir: “İlk olaraq, əhalinin ərazi boyunca və yüksəklik üzrə məskunlaşmasını təmin etmək lazımdır. Çünki əhalinin yüksəklikdə məskunlaşmasında yavaş-yavaş azalma prosesi gedir. Baxmayaraq ki, mövcud proses əvvəllər də belə idi. Lakin indi problem bir az da güclənib”.

O, həmçinin deyib ki, Abşeronda demoqrafik potensialın böhranı problemi yaşanır: “İnzibati rayon mərkəzləri olan kiçik və orta şəhərlərin inkişafında müəyyən problem var. Hazırda əmək qabiliyyətli yaşda əhalinin xüsusi çəkisi 71,8 faizdir. Bu mənada əhalinin yaş tərkibində çox ciddi uyğunsuzluq yaranıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi