Hicran Hüseynova: "Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var"

Hicran Hüseynova: "Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var" "Bəzən uşaq yaxşı qiymət almayanda müəlliminə elə şeylər deməyə başlayır ki..."
Sosial müdafiə
13 Aprel , 2016 12:43
Hicran Hüseynova: Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var

Bakı. 13 aprel. REPORT.AZ/ "Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var. Bu sahədə ciddi boşluqlar mövcuddur". "Report"un məlumatına görə, bunu bu gün Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var: "Əvvəllər məktəblərdə psixoloqlar uşaqlarla işləyirdi. Bəzən görürsən ki, uşaq 1-2-ci sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir. Belə olanda ya onun ailə problemi var, yaxud, təhsilində nöqsanlar olur, ya da uşaq sinifdə özünə yer tapa, digər uşaqlarla ünsiyyət yarada bilmir. Gərək o dövrdə istər valideynlər, istərsə də müəllimlər vaxtında vəziyyətlə maraqlanaraq ona öz təsirini göstərsinlər. Biz bunu görmürük. Amma bu, çox vacib məsələdir. Buna çox böyük diqqətlə yanaşmaq lazımdır.

Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişiklikləri özünü göstərir. Elə dövrlər olur ki, uşaq yaxşı qiymət almır, müəlliminə elə şeylər deməyə başlayır ki! Araşdırılır və məlum olur ki, bu, uşağın müəlliminə qarşı acığı idi. Belə hallar da olur. Bizim uşaqlar indi xüsusilə xarici filmlərə çox baxırlar. Buradan özlərinə nümunə götürüb onları reallaşdırmağa başlayırlar".

H.Hüseynova deyib ki, rayon icra hakimiyyətlərindəki yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar da uşaqlarla çox güclü işləməlidirlər: “Gözləməməliyik ki, bu hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcəyik. İnsanlarla danışmaq, görüşmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi